“Məhərrəmlikdə toyların keçirilməsini din qadağan etmir” - Hacı Şahin
Bunu Azvision.az -a açıqlamasında Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli deyib. Din xadimi Məhərrəm ayında nə üçün toy mərasimlərinin keçirilməməsinə aydınlıq gətirib:
H. Şahin qeyd edib ki, müsəlmanlar kədərli günlərində hansı əməllərdən çəkinirlərsə, Məhərrəm ayında da bunları etmirlər.
“İnsanın yaxını rəhmətə gedəndə bir müddət saçına rəng vurmur, müəyyən qaydalara riayət edir. Məhərrəmlikdə də eynidir. Əslində bunların heç biri dini qayda deyil, könül məsələsidir. Bunun qorxu üzərində qurulmasından çox, sayğı üzərində qurulması daha yaxşıdır”.
Qeyd edək ki, sentyabrın 1-dən Azərbaycanda Məhərrəmlik başlayıb. Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-a təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.
Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə və ibadət ocaqlarında təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız Qafaqaz Müsəlmanları idarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.
Sentyabrın 29-da Məhərrəm ayı başa çatacaq və Səfər ayı başlayacaq. Səfər ayı isə oktyabrın 29-dək davam edəcək.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Din Hacı-Şahin Məhərrəmlik