Regionlarda lisey sinifləri yaradılacaq
Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün onlara lazımi şəraitin yaradılmasıdır.
Lisey siniflərinə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq. Qəbul prosesində həmin şəhər (rayon) və ətraf rayonların ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər iştirak edə bilərlər. Bilik və bacarığı ilə seçilən və həmin liseylərdə oxumaq istəyən şagirdlər üçün seçim imtahanı keçiriləcək. Eyni zamanda son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika fənn müsabiqələrində yüksək nəticə göstərmiş şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər.
Qəbul imtahanında iştirak etmək istəyən şagirdlər 2-6 sentyabr 2019-cu il tarixlərində Gəncə şəhəri (Gəncə şəhəri, Kəpəz rayonu, E. Allahverdiyev küçəsi 68), Şirvan şəhəri (Şirvan şəhəri, Xəqani küçəsi 16) Şəki şəhəri (Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi 1) və Quba rayonunda (Quba şəhəri 15-ci məhəllə) təşkil edilən komissiyalara aidiyyəti üzrə müraciət etməlidirlər.
Təmayül siniflərinə qəbul imtahanı sentyabrın 10-da keçiriləcək. Qəbul imtahanları riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə aparılacaq.
Lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçiləcək.
Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.
Azvision.az