Patruşev niyə gəlmişdi – VERSİYA

   Patruşev niyə gəlmişdi –    VERSİYA
  05 Sentyabr 2019    Oxunub:4067
Sentyabrın 3-də Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşdü. Görüşdə Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da iştirak edib.
Patruşevin ölkəmizə səfərilə bağlı verilən rəsmi məlumatda bildirilir ki, iki ölkə arasında ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, keçən ay Patruşev Ermənistana səfər etmiş və həmin ölkənin baş naziri Nikol Paşinyanla görüşmüşdü. Patruşevin Yerevan səfəri ilə bağlı verilmiş rəsmi məlumat da öz zənginliyi ilə seçilmirdi. Bildirilirdi ki, görüşdə iki ölkənin regional təhlükəsizlik məsələləri və təhlükəsizlik sahələrində əməkdaşlaq müzakirə olunub.

Bəzi təhlilçilər Rusiyanın Təhlükəsizlik Şurasının katibinin regiona səfərinin texniki xarakterli olduğunu və Moskvanın mütəmadi qaydada təhlükəsizlik məsələlərinin müzakirəsi, bu sahədə fəaliyyətin koordinasiyası üçün belə səfərlər təşkil etdiyini bildirilər. Lakin son aylarda dünya gündəmindəki hadisələrin daha dərin təhlili göstərir ki, Patruşevin səfərinin qlobal mahiyyətinin olduğu da istisna deyil.

Söhbət ilk növbədə Amerikanın orta və yaxın mənzilli raketlərin zərərsizləşdirilməsi haqqında Müqavilədən çıxması ilə yaranmış təhlükələrdən gedir. Xatırladaq ki, SSRİ və ABŞ arasında imzalanmış həmin razılaşmaya əsasən, tərəflər üç il müddətinə orta (1000-5500 km) və yaxın (500-1000 km) məsafəli ballistik və qanadlı raketlərini zərərsizləşdirməli idilər. Rusiya və ABŞ müqavilənin şərtlərinin icra olunmaması ilə bağlı dəfələrlə bir-birini ittiham ediblər. Ancaq bu ilin əvvəlində ABŞ açıq şəkildə bəyan etdi ki, Vaşinqton müqavilədən birtərəfli qaydada çıxır. Təbii ki, Amerikanın bu addımı Moskva üçün ciddi siqnal idi.

Rusiya prezidenti Vladimir Putin məsələyə münasibət bildirərkən vurğulayıb ki, ABŞ Orta və yaxın uzaqlıqlı raketlərin zərərsizləşdirilməsi haqqında Müqavilədən çıxmaqla öz əl-qolunu açdı və artıq dünyanın istənilən nöqtəsində qadağan olunmuş raketləri yerləşdirə bilərlər. Bu vəziyyətin Rusiyaya qarşı yaratdığı mümkün təhlükələrərlə bağlı araşdırımanın aparılması ilə bağlı prezident Putin Təhlükəsizlik Şurasına müvafiq tapşırıq verib.

Amerikanın mümkün hədəfləri siyahısında Şimali Koreya, Suriya və İranın olduğunu nəzərə alsaq, Patruşevin səfər marşrutunun məntiqini anlamaq olar. Malaziyanın paytaxti Kuala-Lumpurda keçirdiyi görüşlərdə Patruşev ABŞ-ın Asiya-Sakit Okean regionunda raket yerləşdirmək palnlarından narahat olduğunu dilə gətirib. Paralel olaraq, özünün iraqlı həmkarı Falih Əl-Fəyadla da görüşərək, Suriyadakı vəziyyəti müzakirə edib.

Azərbaycan və Ermənistanın coğrafi baxımdan İranla Rusiyanın arasında olması Moskvanı vadar edir ki, regionda Amerikanın fəallaşa biləcəyini əvvəlcədən nəzərə alsın və bunun mümkün təsirlərini minimuma endirsin.

“Məxməri inqilab”la Ermənistanda hakimiyyəti ələ almış yeni qüvvələrin mümkün geosiyasi gedişlərinin çətin proqnozlaşdırılması Rusiya üçün xoşagəlməz haldır və təhlükə mənbəyi hesab oluna bilər. Moskva anlayır ki, Paşinyan hökuməti Rusiya ilə həmfikir olduğunu nə qədər göstərməyə çalışsa da, istənilən vaxt gözlənilməz zərbə endirməsi mümkündür. Güman ki, Paşinyanın təxribat xarakterli çıxışları da, belə bir həssas məqamda regionda vəziyyəti gərginləşdirməyə hesablanmış ola bilər.

Tofiq Vahid
Azvision.az üçün



Teqlər: Patruşev  





Xəbər lenti