Netanyahu İrana qarşı çağırış etdi: “Təzyiqləri artırmalıyıq”

 Netanyahu İrana qarşı çağırış etdi:  “Təzyiqləri artırmalıyıq”
  05 Sentyabr 2019    Oxunub:2069
İsrailin Baş naziri Benyamin Netanyahu İran prezidenti Həsən Ruhaninin nüvə sazişi ilə bağlı açıqlaması fonunda Tehrana təzyiqləri artırmağa çağırıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail hökumətinin başçısı bu məsələni Londonda İngiltərənin Baş naziri Boris Conson və Pentaqon rəhbəri Mark Esper ilə müzakirə edəcəyini deyib.

"Bu gün səhər bizə İranın nüvə silahı əldə etmək istəyi ilə bağlı məlumat verildi. Bu, İranın beynəlxalq gəmiçiliyə, regiondakı ölkələrə qarşı təcavüzkar hərəkətləri, eləcə də İsrail dövlətinə hücumlar həyata keçirmək səyləri ilə uyğunlaşır. İndi İranla danışıqların vaxtı deyil, İndi İrana təzyiqləri artırmağın vaxtıdır", - deyə Netanyahu vurğulayıb.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani Tehranın nüvə öhdəliklərinin azaldılmasının üçüncü mərhələsinin bir hissəsi kimi nüvə sazişinin müddəalarına əməl etməkdən imtina etdiyini bildirmişdi. İran cümə günündən nüvə öhdəliklərinin azaldılmasının üçüncü mərhələsini həyata keçirməyə başlayacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BenyaminNetanyahu  





Xəbər lenti