Yanacaq bahalaşa bilərmi? – TƏHLİL

   Yanacaq bahalaşa bilərmi? –    TƏHLİL
  05 Sentyabr 2019    Oxunub:4797
Baş nazirin ötən ayın sonunda imzaladığı qərara əsasən, Aİ-92 və Aİ-95 markalı benzinlərin ölkəyə idxalına tədbiq olunan müvafiq gömrük rüsumları sentyabrın 1-dən 90 gün müddətinə aradan götürülüb. Bu qərarın qiymətlərin bahalaşmasının qarşısını almaq üçün verildiyi və adları çəkilən yanacaq növlərinin pərakəndə satış dəyərini sabit saxlamaq məqsədi daşıdığı kifayət qədər aydındır. Əgər bir mal və ya məhsulun ölkəyə idxalına gömrük rüsumu ortadan qaldırılırsa, başqa hədəf ola bilməz.
Aİ-95 markalı benzin ümumiyyətlə, ölkəyə kənardan gətirilir, yəni daxildə istehsal olunmurdu. Aİ-92-yə gəlincə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) təmirdə, daha dəqiqi, yeniləşdirmə və modernləşdirmədə olduğundan, həm faktiki istehsal dayanıb, həm də mövcud ehtiyatlar azalır. Yəni, hazırda Aİ-95 bir yana qalsın, Aİ-92 üzrə də real olaraq idxalsız keçinmək mümkün deyil. Bütün bunların fonunda isə ölkədə Aİ-92 və Aİ-95 markalı benzinlərə tələb artmaqdadır. Çünki həm ölkəyə avtomobil idxalı genişlənir, həm də ümumiyyətlə, əhalinin gəlirləri yüksəldikcə, nəqliyyat vasitələrindən istifadə artır. Yəni bu, elə bir tendensiyadır ki, əslində həmişə yüksələn dinamika üzrə inkişaf edir və etməlidir də. İqtisadi artım olan ölkədə yanacağa tələbin genişlənməsi qarşısıalınmaz prosesdir.

Azərbaycan bu gün nə qədər çox təmiz neftə və emaledici infrastruktura sahib olsa da, istehsal etdiyi yanacağın keyfiyyəti Avropada ən yüksək standart sayılan “Avro-5” və “Avro-6”-dan 3 dəfə geri qalır. Və bizim həmin bu standartlara çatmağımıza 2023-cü ilə - Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilib istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksi fəaliyyətə başlayana qədər vaxt lazımdır.

Əvvəllər deyilirdi ki, Azərbaycanda “Avro-5” standartına uyğun benzin 2018-ci ildə istehsal ediləcək. Belə ki, Dövlət Neft Şirkətinin (SOCAR) əsas məqsədi Heydər Əliyev adına BNEZ-də ildə 3 milyon ton dizel, 3,4 milyon ton benzin, 350 min ton bitum, 100 min ton isə maye qaz istehsal etmək üçün 2030-cu ilədək 7,5 milyon ton neft emalı prosesini təmin etməkidi ki, bu, həm daxili tələbatı ödəməyə imkan verməli idi, həm də az da olsa, ixraca yol açacaqdı. Buna çatmaq üçün isə 42-48 ay vaxt tələb olunduğu deyilmişdi. Ancaq 2018-ci il sonra 2023-cü, daha sonra isə 2030-cu il olaraq göstərildi.

Maraqlıdır ki, eyni vəziyyət hələ də təkrar olunur. Yəni, BNEZ-də aparılan yenidənqurma və modernləşdirmə işlərinin nə vaxt başa çatacağı ilə bağlı hər dəfə bir söz deyilir. Son olaraq isə, mərhələli şəkildə həyata keçirilən layihənin 2024-cü ilin sonu – 2025-ci ildə başa çatdırılacağı bildirilmişdi. Səbəb də göstərilir ki, layihədə mövcud qurğuların yenidən qurulması üzrə işlərlə bağlı dəyişikliklər olub. Belə ki, əvvəl 6 qurğunun yenidən qurulması nəzərdə tutulurdusa, sonradan İspaniyanın “Tecnicas Reunidas” (TR) şirkətinin keçirdiyi texniki auditin nəticəsində bu qurğuların daha pis vəziyyətdə olduğu və yenidənqurma işlərinin yeni qurğuların tikintisi dəyərinə bərabər olacağı müəyyən edilib. Üstəlik, bu halda qurğuların planlaşdırılan 2 ay ərzində deyil, 15-18 aylıq dayandırılmasına zərurət yarana bilərdi ki, bu da ölkəyə böyük həcmdə avtomobil benzini, dizel yanacağı, təyyarə yanacağı və “Azərkimya” İstehsalat Birliyinin zavodları üçün xammalın idxal edilməsinə və böyük xərclərə səbəb yol aça bilərdi.

Yeri gəlmişkən, hazırda illik emal gücü 6 milyon ton təşkil edən BNEZ-də 6 işlək qurğu var ki, bunlar ELOU-AVT, katalitik krekinq, katalitik riforminq, naftanın hidrotəmizlənməsi, vakuum qazolin hidrotəmizlənməsi və kokslaşdırma qurğularıdır. Modernləşdirmə və yenidənqurma nəticəsində 2021-ci ildə BNEZ-dəki qurğuların sayı 17-ə, 2025-ci ildə isə 24-ə çatacaq. Ümumiyyətlə, 2025-ci ildə BNEZ-in illik emal gücü 7,5 milyon ton təşkil edəcək. Özü də bütün bu işlərə nə az, nə çox 2,2 milyard ABŞ dolları məbləğində vəsait xərclənəcək. Hətta daha çox...

Sual yaranır: Bəs, görəsən həmin vaxtadək ölkədə tələbat artmayacaqmı? Təbii ki, artacaaq. Ümumiyyətlə, sözügedən sahədə perespektivdə bizi nə gözləyir?

Hesab edirəm ki, əvvəla, Heydər Əliyev adına BNEZ tam gücü ilə işə düşsə belə, hər iki markada benzin həm də kənardan idxal olunacaq. Bunu, yuxarıda qeyd etdiklərimə əsasən bazar diqtə edir.

İkincisi, bu sahədə qiymətləri gömrük rüsumlarını və yaxud aksiz vergi dərəcəsini minimuma endirməklə uzun müddət sabit saxlamaq mümkün deyil. Belə ki, qiymətlərin nə vaxtsa bahalaşacağı qaçılmaz sayılır. Üçüncüsü isə, hökumət bu sahədə ümumiyyətlə, qiymətləri idarəetmə və ya ona təsir etmə, o cümlədən, tənzimləmə mexanizmini fikrimcə, dəyişsə, yaxşı olar.

Belə ki, idxal qaydalarını aşağıya və yuxarıya doğru "oynatmaqla" sözügedən sahədə bazarı keyfiyyətli şəkildə nəzarətdə saxlamaq bu gün üçün təsirli əhəmiyyət kəsb etsə də, sabah gündə effektsiz ola bilər. Buna əyani misal ondan ibarətdir ki, Aİ-95 markalı benzinin qiyməti artıq xeyli müddətdir sərbəst bazar qanunları ilə tənzimlənsə də, ancaq qalxıb. Sual olunur: nədən onun qiyməti bu günədək bir dəfə də olsun, ucuzlaşmayıb?! Aİ-95 mərhələlərlə bahalaşaraq, bu gün 1,50 azn.-ə satılır.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Benzin   Aİ-95  





Xəbər lenti