Test tapşırıqları qəbul proqramlarına uyğun hazırlanıb - DİM

Test tapşırıqları qəbul proqramlarına uyğun hazırlanıb -    DİM
  09 Sentyabr 2019    Oxunub:2338
Ali təhsil müəssisələrinə 2018-ci ilin qəbul imtahanları ənənəvi tədris proqramları əsasında keçirilmiş sonuncu imtahanlar olub. İmtahanlarda istifadə edilmiş test tapşırıqları imtahanların məzmunu ilə bağlı materialların hazırlanmasında standart kimi götürülən qəbul proqramlarına uyğun hazırlanıb.
Azvision.az xəbər verir ki, bu, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik təhlilində yer alıb.

Bildirilib ki, ilin əvvəlində “Abituriyent” jurnalının birinci nömrəsində fənlər üzrə qəbul proqramları və test tapşırıqlarının nümunələri dərc edilərək, abituriyentlərə qəbul imtahanlarında hansı tipli, hansı formalı test tapşırıqlarının təklif ediləcəyi barədə məlumat verilib. Fənlər üzrə vəsaitlər, test topluları və siniflər üzrə test kitabçalarının təkmilləşdirilmiş variantları nəşr edilib. Neçə illərdir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) saytında təcrübəli ekspertlərin imtahan fənləri üzrə videomühazirələri yerləşdirilib. Mühazirələrdə təqdim edilən nəzəri materiallar test tapşırıqları ilə müşayiət olunub. İndiyə qədər həmin mühazirələrdən istifadə edənlərin sayı on minlərlədir. Abituriyentlərə qəbul imtahanlarında istifadəsi nəzərdə tutulan test modeli ilə tanış olmaq, imtahanın texnologiyasına bələd olmaq, imtahan mühitinə psixoloji cəhətdən alışmaq imkanı yaratmaq məqsədilə Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində sınaq imtahanları keçirilib. Nəticədə imtahanlarda istifadə edilmiş test tapşırıqları məzmun və forma baxımından abituriyentlərə tanış olub.

Hesabatda qeyd edilib ki, ötən illərdə olduğu kimi, qəbul imtahanları üçün sual kitabçaları qapalı şəraitdə ekspertlər tərəfindən hazırlanıb və test tapşırıqlarının doğru cavab etalonları müəyyən edilib. İmtahanlar keçirilən günlərdə imtahanlardan dərhal sonra aparılmış müstəqil ekspertiza nəticəsində bu etalonlar təsdiq edilərək, elə həmin günlərdə “Space” televiziya kanalı vasitəsilə ictimaiyyətə elan olunub. Ekspertlərin rəylərinə əsasən, test tapşırıqlarının respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramları və dərsliklər əsasında hazırlanmış qəbul proqramlarına uyğunluğu bir daha təsdiqini tapıb. İmtahanlarda istifadə edilmiş test tapşırıqlarının bölmələr üzrə paylanmasında məktəb kursunda fənlər üzrə mövzuların əhəmiyyətlilik dərəcəsi, tədris prosesində bölmələrə ayrılan vaxt və ixtisas qruplarının peşə xüsusiyyətləri nəzərə alınıb. Abituriyentlərin bilik və bacarıqlarını hərtərəfli yoxlamaq məqsədilə ayrı-ayrı ixtisas qruplarının peşə xüsusiyyətləri nəzərə alınaraq test bloklarına qabiliyyət göstəricilərinə görə terminoloji, faktoloji, ümumiləşdirmə, izahat, hesablama, öncəgörmə və təklif olunan fəaliyyət tipli, mürəkkəblik dərəcəsinə görə sadə, orta, çətin tapşırıqlar daxil edilib. Bilik və bacarıqların qiymətləndirilməsinə verilən müasir tələblər baxımından test bloklarında məntiqi düşünmə və nəzəri biliklərin tətbiqini tələb edən, proses və hadisələrin mahiyyətinin dərk edilməsinə yönələn, səbəb və nəticə əlaqələri əsasında qurulan tapşırıqlara üstünlük verilib.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti