DİQQƏT: Pediatrların fırıldağı ifşa oldu

DİQQƏT: Pediatrların fırıldağı ifşa oldu
  07 Dekabr 2013    Oxunub:1176
Pediatrlarla körpə qidaları satan distribüterlərin qaranlıq işbirliyi.
Azərbaycanda bir çox pediatr körpə qidalarının satışını təşkil edən distribüterlərinin təsiri altındadır. AzVision.az xəbər verir ki, bu barədə APA TV-də yayımlanan verilişinin qonağı olan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Ölkədə uşaq qidaları ilə bağlı ciddi problemlər olduğunu bildirən mütəxəssisin fikrincə, ən narahat doğuran məqam doğum evlərinin körpə qidaları distribüterlərinə gizli məlumatlar ötürməsidir: "Uşaq anadan olan günün səhəri analara şirkətlərdən zəng gəlir. Onlar bu nömrəni haradan bilir? Əlbəttə ki, pediatrların sayəsində. Bunun qarşılığında onlar faiz alırlar, xarici ölkələrə istirahətlərə, gəzintilərə göndərilirlər. Halbuki qanun doğum evləri işçilərinə valideynlərin ünvanını başqalarına ötürməyi qadağan edir".

Eyyub Hüseynovun fikrincə, distribüterlər pediatrlara faiz verməklə ən zay, ən keyfiyyətsiz məhsulları analara satmağa müvəffəq olur: "Pediatrlarla iş birliyi sayəsində körpə qidaları biznesi ilə məşğul olan şəbəkə o qədər böyüyüb ki, nə desən sata bilirlər. Bu isə süni uşaq qidaları ilə böyüyən uşaqların həyatını təhlükəyə atır".

Ən maraqlı məqam isə odur ki, indiyə kimi heç bir pediatr belə bir biznes ortaqlığına görə ifşa edilməyib. E. Hüseynovun fikrincə, bunun səbəbi nəzarətin zəif olmasıdır. Verilişə qoşulan Səhiyyə Nazirliyinin Elmi Tedqiqat Pediatriya İnstitutunun direktoru, Baş pediatr Nəsib Quliyev də belə halların olmasını təsdiqləyib: "O qida şirkətləri məhsullarını satmaq üçün cürbəcür vasitələrə əl atır, həkimləri əli almağa çalışırlar. Bəli, hallar baş verib. Tibb bacıları, həkimlərlə bağlı həmin səhiyyə müəsissənin rəhbərliyinə tapşırmışıq ki, tədbir görülsün, qarşısı alınsın. Səhiyyə Nazirliyi daim körpə qida şirkətləri, dərman şirkətlərinin nümayəndələrinin tibb ocaqlarına, xüsusən dövlət tibb müəssisələrinə daxil olmasının qarşısını almaq üçün ardıcıl tədbirlər görüb. Amma təəssüflər olsun ki, bunun qarşısını almaq olmur".


Teqlər:  





Xəbər lenti