Göyçayda 18 min 300 ton xurma yığıldı

  07 Dekabr 2013    Oxunub : 785
Göyçayda 18 min 300 ton xurma yığıldı
Göyçay rayonunun xurma bağlarından məhsul yığımı başa çatıb.
Rayon icra hakimiyyətindən AzVision.az -a bildiriblər ki, bu il bağlarda bol məhsul yetişdirilib.

Məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib, 780 hektar xurma bağından 18 min 300 ton məhsul toplanıb. Bu da ötən ilkindən 470 ton çoxdu. Rayonda istehsal olunan xurmanın 70 faizi Rusiya bazarlarına göndərilib. Kəndli fermerlər yetişdirdikləri məhsulu Rusiyaya meyvə aparan iş adamlarına öz həyətlərində sərfəli qiymətə satmışlar. Bundan əlavə bağbanlar və iş adamları xurmanın tələf olmadan qış aylarına saxlanılması üçün Göyçayın Potu kəndindəki 700, Ərəbcəbirli kəndindəki 1000 tonluq soyuducu anbar komplekslərindən bəhrələnirlər.

Göyçaylı fermerlər son illər xurma bağlarını xeyli genişləndirib. 2012-ci ildə Göyçayda 42 hektar yeni xurma bağı salınıb. Bu ilin yazında daha 15 hektar yeni xurma bağı salınmış və hazırda bu istiqamətdə işlər davam etdirilir. Mütəxəssislər son illər rayonda bu sahənin sürətlə inkişaf etməsinin səbəbini məhsulun yerli və xarici bazarlara çıxarılması üçün lazımi şəraitin yaradılması və meyvənin saxlanılması üçün soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi ilə əlaqələndirirlər.

Xatırladaq ki, 2003-cü ildə rayonda 399 hektar sahədə xurma bağı mövcud idisə, hazırda onun ərazisi 780 hektara çatdırılıb.

Teqlər: