AMEA-da yeni direktorlar seçildi

AMEA-da yeni direktorlar seçildi
  16 Sentyabr 2019    Oxunub:2608
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, əvvəlcə akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli bölmə üzvlərinə ümumi yığıncaq barədə ətraflı məlumat verib.

İsa Həbibbəyli 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması haqqında dövlət başçısının müvafiq Sərəncamından irəli gələrək həyata keçirilən tədbirlərdən, bu istiqamətdə nəşrlərin əhəmiyyətindən danışıb. Akademik ölkə başçısının müvafiq sərəncamları ilə görkəmli Azərbaycan alimlərindən Məmmədağa Şirəliyev və Məmmədcəfər Cəfərovun 110 illik yubileyləri çərçivəsində görülən və nəzərdə tutulan işlərdən də söz açıb.

İclasda bölmənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev-Muzeyinin direktoru vəzifəsini tutmaq üçün seçkilər keçirilib.

Tədbirdə ümumi yığıncağın sədri akademik Möhsün Nağısoylu, ekspertlər komissiyasının sədri Muxtar İmanov və tərkibi seçilib.

Gizli səsvermə nəticəsində akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, akademik Rafael Hüseynov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev-Muzeyinin direktoru seçiliblər.

Səsvermədə 20 bölmə üzvündən 14-ü iştirak edib.

Azvision.az


Teqlər:





Xəbər lenti