“Kimin zibillikdə olduğunu görəcəyik” - Paşinyana verilən cavab

 “Kimin zibillikdə olduğunu görəcəyik” -  Paşinyana verilən cavab
  23 Sentyabr 2019    Oxunub:3320
"Baş nazir Nikol Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransında yenə az bildiyi şeylər haqqında danışdı. İstefa verməyimə baxmayaraq, o yenə də mənim yanıma vəziyyətin sakitləşməsi üçün bir müddət susmağım xahişi ilə adamlar göndərir. Amma indi görürəm ki, o, bir daha razılaşmanı pozur və anlaşılmaz, populist açıqlamalar verir"
Azvision.az "Tert.am” saytına istinadən xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan Baş nazir Nikol Paşinyanın dünən onunla bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

"Aydındır ki, ictimai əhval-ruhiyyəyə qısa müddətli təsir göstərmək arzusunda olan Paşinyan yenə də sözlərinin nəticələri barədə düşünmür. Təsəvvür edin, mən bəs nəticələr barədə düşünmədən danışsam, necə olacaq? Yaxşı, "kim bizimlə deyil, millətin xainidir" tezisini irəli sürməklə cəmiyyəti nə qədər azdıra bilərsən? Kimsə bu ifadələrlə razılaşmırsa, Baş nazirin fikrincə, sələflərinin göstərişləri ilə hərəkət edir. Demişəm və təkrar edirəm, məni əvvəlkilərlə bağlamağa çalışmayın.

Yeri gəlmişkən, sizə xatırladıram ki, Ermənistan Respublikasının Konstitusiyasına görə Baş nazir müharibə vəziyyəti olmadığı təqdirdə Ali Baş Komandan deyil. Təəssüf edirəm ki, hər şey belə çox uzağa getdi. Mənim istefamla bağlı bəyanatımı diqqətlə oxuyan nəyi dediyimi anlayar. Ona görə də cəsarətlə deyirəm, zaman kimin və ya nəyin zibillikdə olduğunu göstərər",- deyə Vanetsyan bildirib.

Xatırladaq ki, Paşinyan ötən gün Los-Ancelesdə mətbuat konfransı zamanı Vanetsyanın istefası ilə bağlı bəyanatı şərh edib. Paşinyan bildirib ki, Vanetsyan bu bəyanatla ali baş komandana, Baş nazirə qarşı çıxıb. Və əlavə edib ki, bu cür davranan zabit paqonlarını zibil qabına atır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan   MTX  





Xəbər lenti