Babası “xalq düşməni”, özü isə xalqın sevimlisi olan böyük sənətkar - ÖZƏL MÜSAHİBƏ (VİDEO)

Babası “xalq düşməni”, özü isə xalqın sevimlisi olan böyük sənətkar -  ÖZƏL MÜSAHİBƏ (VİDEO)
  26 Sentyabr 2019    Oxunub:55616
"Nazirə zəng vurub şikayət etdi ki, Oqtay kimi müğənni qarovulçu işləyir"
Azvision.az-ın növbəti müsahibəsi Azərbaycanın mərhum estrada müğənnisi, Xalq artisti Oqtay Ağayevə həsr olunub. Qeyri-adi sənətkar, insan ruhuna məlhəm səsi ilə ürəklərdə yaşayan Xalq artistinin şəxsi həyatı, sənəti ilə bağlı indiyədək bilinməyən məqamlar barədə onun kiçik bacısı Ofeliya İsmayılova və bacısı oğlu Fuad Novruzovla həmsöhbət olduq.



- Ofeliya xanım, istəyərdim söhbətimizə Oqtay Ağayevin uşaqlığından, gəncliyindən başlayaq. Xatirələriniz o illərdən bizə nələri canlandıra bilər?

Ofeliya İsmayılova: Ailədə 4 uşaq olmuşuq. Oqtay ən böyüyümüz olduğuna görə, biz ona hörmətlə yanaşırdıq. Mən ondan 9 yaş kiçik idim. Qardaşım nə dedisə bizim üçün qanun idi. Bəzən Oqtay elə bir şey edirdi ki, bir-birimizə baxırdıq, amma hərəkət etməyə qorxurduq. Balaca bacı-qardaşlarının öcəşməyi ona xoş gəlirdi. Durub baxırdı, gülürdü, sonra da deyirdi ki, səsinizi kəsin, söhbət bağlandı.

Çoxlu kitab oxuyan idi. Tarixi gözəl bilirdi. Oqtayı gecə oyadıb soruşsaydın ki, filan hadisə harda olub? Gözüyumulu cavab verərdi. Hətta universitetin tarix fakültəsinə daxil olmuşdu. Ancaq onu daha çox incəsənət özünə çəkirdi deyə təhsilini davam etdirmədi. Futbolu sevərdi. Məhəlləmiz enli idi, qonşuları başına yığıb futbol oynayardı. Vaqif Mustafazadə, Rauf Hacıyev, Faiq Sücəddinov kimi dostları var idi.

Fuad Novruzov: Dayımın babası Ədalət partiyasının sədri olub, Ali Sovetdə çalışıb. 1937-ci ildə Mircəfər Bağırov digərləri kimi onu da sürgün etdirib. "Xalq düşməni" adı ilə 18 il Sibirdə sürgündə qalıb. Oqtayın atası Tibb Universitetində oxuyurmuş. Onu üçüncü kursdan qovmuşdular ki, sən "xalq düşməni"nin oğlusan. Repressiya illərində insanın özünü tuturdularsa, onun ailə üzvülərini də dalınca göndərirdilər. Bunlar məcbur idilər ki, orada-burada gizlənsinlər ki, aparmasınlar. "Moskovskaya saqa” filmi var. Bir dəfə o filmi göstərəndə Oqtay dedi, o bizim ailəmiz haqqındadır. Həmin əziyyətləri biz də çəkmişik. Çox çətin vaxtlar idi. Dayımın uşaqlığı müharibə illərinə düşüb. Yəqin ki, "Şərikli çörək" filmini görümüsünüz. Orada Oqtayın ifa etdiyi mahnı səslənir. Həmin film sanki dayımın uşaqlığı ilə eyni idi.



Ofeliya İsmayılova: Qardaşımın müsahibəsindən biliblər ki, filmdəki uşaqların həyatını yaşayıb. Bundan sonra onu dəvət ediblər ki, filmdə səslənəcək ”Sən ey uşaqlıq” mahnısını oxusun. Bir şeyi də qeyd edim ki, atamızı Tibb Universitetindən öncə, 1937-ci ildə Moskvada diplomatiya fakültəsindən "xalq düşməninin oğlusan" adı ilə qovmuşdular. 1953-cü ilin martın 5-də Stalin öldü, martın 16-da bizə teleqram gəldi ki, babanız sağdır, Kreml xəstəxanasında yatır. Atam babamı oradan gətirdi. Ona bəraət verdilər, evini, bağını bərpa etdilər. Bundan sonra bizə dəyən, toxunanan olmadı. Babam isə qayıdandan sonra çox yaşamadı.

- Oqtay bəyin səsində qəribə bir məlahət, həzinlik var idi. Bu avaz kimdən qaynaqlanır?

Ofeliya İsmayılova: Mənim kiçik dayım çox gözəl tarzən olub. Anamın da yaxşı səsi var idi. Arada xora gedirdi. Amma anamı kim qoyardı oxumağa? Dayımla əmim Oqtaydan soruşdu ki, kim olmaq istəyirsən? Dedi, müğənni. Onu aparıb Asəf Zeynallı adına musiqi məktəbinə qoydular.

Fuad Novruzov: Dayım danışırdı ki, tələbələr “Parapet bağı”na yığışardılar, bu da onlar üçün mahnı oxuyarmış. Ona deyiblər, sənin qiyamət səsin var, sənətinin dalınca getməlisən. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Estrada Orkestrində işlədi. O ləğv olunandan sonra isə 8 il işsiz qaldı. 8 ildən sonra Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrına solist kimi getdi. Ondan əvvəl həmin teatrda bir müddət qarovulçu kimi işlədi. Saksafon ifaçısı Rafiq Seyidzadə nazirə zəng edib şikayət etdi ki, Oqtay kimi müğənni qaravulçu işləyir. Bundan sonra orada solist yeri açdılar, dayım ömrünün axırına kimi orada çalışdı.

- Onun çal- çağırlı, şöhrətin zirvəsində olan vaxtları da olub. Aylarla davam edən qatsrol səfərləri, milyonların rəğbəti, alqışı, qızların sevgi məktubları... O illərini xatırlayırdımı, nələr deyirdi?

Fuad Novruzov: 60-cı illərdə dayımı keçmiş sovet məkanında tanımayan adam yox idi. Oqtay Moskvada da rahat gəzə bilmirdi, mən hələ Bakıdan danışmıram. 5-ci sinifə qədər onların evində böyümüşəm. Məktəbdən gələndə qızlar bloknot verirdilər ki, dayın avtoqraf yazsın. 1977-ci il idi, atamla gedirdim, bir də gördüm "Qubernator bağı"nın yanında dayım maşından düşdü və evə tərəf getməyə başladı. Birdən camaat onu əhatəyə alıb avtoqraf istədi. "Camayka" mahnısını sovet məkanında ondan başqa kimsə oxumurdu. Dayımın ifasında həmin mahnı SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtsevanın çox xoşuna gəlirdi.

- Eşitdiyimə görə, Rəşid Behbudovla Oqtay Ağayevin dostluq münasibətlərinin pozulmasına həmin mahnı səbəb olub. Doğrudurmu deyilənlər?

- Bəli, əslində mən ad çəkmək istəmirdim, amma daha siz dediniz. Moskva səfərinə Rəşid Behbudov rəhbərlik edirmiş. O, dayıma deyib ki, həmin mahnını oxuma. Oqtay da razılaşıb. Başqa mahnını oxuyub səhnədən getmək istəyəndə, camaat “Camayka” deyə qışqırıb, həmin mahnını oxumasını istəyib. Maestro Niyazi deyib, oxu. Oqtay da bildirib ki, Rəşid müəllim qoymur. Niyazi cavab verib ki, Frutsova oradan baxır və mahnını gözləyir. Dayım bir də görüb ki, orkestr çalır, məcbur oxuyub. Oradan qayıdandan sonra onun məvacibini 50 manat artırmışdılar. Rəşid Behbudovu çox istəyirdi. Oğluna da onun adını qoymuşdu. Ancaq həmin hadisədən sonra münasibətləri soydu. Bir dəfə də Rəşid Behbudov onu teatrına dəvət etmişdi. Demişdi, gəl, işlədiyin yerdən çox maaş alacaqsan, dayım imtina etmişdi. Tükəzban İsmayılova ilə çox yaxşı zaraftları var idi. Anatollu Qəniyevlə macəraları unudulmazdı. Hərdən Heydər Qəniyevlə görüşəndə danışıb gülürük.



Ofeliya İsmayılova: Oqtayın çətin günləri də olub. O, heç vaxt toylara getməyib. Ömründə bir dəfə toya getdi. Oradan məyus gəldi. Atam soruşdu ki, sənə nə olub? Dedi, bir nəfər pis hərəkət etdi, xoşuma gəlmədi. Atam bildirdi ki, sən mənim oğlumsansa, getməyəcəksən. Ondan sonra bir dəfə də getmədi. Buna görə də digər müğənnilər kimi var-dövləti olmayıb.

-Bəs necə qardaş idi? Sizə qayğı ilə yanaşırdımı?

Ofeliya İsmayılova: Mehriban, canı yanan. Kefim olmayan kimi deyirdi, nə olub sənə? Adama ürək- dirək verərdi.

- Onunla bağlı hansı əhvalat yadınıza düşəndə dodağınız qaçır və ya ürəyinizin sarı simi tərpənir.

Ofeliya İsmayılova: Oqtayın dostları evimizə gələndə bizə deyirdi, hərəniz bir kitab götürüb oxuyun, biz məşq edəcəyik, mane olmayın. Həddimiz nəydi sözündən çıxaq. Hətta Müslüm Maqomayev, Polad Bülbüloğlu da bizə gəlib. Vaqif Mustafazadə isə həmişə bizdə olardı, birgə çalışardılar. Atam ağayana, zəhimli adam idi deyə hamısı onun yanında sakit otururdu.

Fuad Novruzov: "Niyə ağ paltardasan?" mahnısının üzərində Xəyyam Mirzəzadə, Vaqif Mustafazadə və Oqtay Ağayev iki il işlədi. Mən birinci sinifdə oxuyurdum, yadımdadır, bəstəkar Vaqifə deyirdi ki, artıq burada saxla, bu hissəni notla ver. Vaqifin də ürəyi partlayırdı, yadıma düşəndə hələ də gülürəm.

Dayımla bağlı bir əhvalatı da xatırladım. 1982-ci il idi. Qoşa Qala qapısnın yanında yarmarka açmışdılar. Dayım siqaret çəkən idi. Yarmarkadan ona kəllə formasında külqabı aldım. Çox sevindi. Üstündən bir müddət keçdi, dedi ki, bura bax, bu kəlləni almaqla mənə işarə vurmursan ki, qocalmısan, bu günə düşmüsən? Birdən mən öləndə onu götürüb qəbrimin üstünə qoyarsan ha. Maraqlı zarafatları var idi. Məni oğlundan çox istəyirdi.



- Bildiyimə görə, Oqtay Ağayev Nadejda xanımla valideynlərindən xəbərsiz evlənib. Necə olmuşdu bu?

Ofeliya İsmayılova: Oqtaygil Rauf Hacıyevin Dövlət Estrada Orkestri ilə qastrol səfərlərinə gedirdilər. Bir ildə altı, səkkiz ay Bakıda olmurdular. Xəbər alırdıq ki, gah o şəhərdədir, gah da bu şəhərdə. Qardaşım Nadejdanı Düşənbədə qastrolda olanda görüb. Nadejda həm universitetdə kimya fakültəsini bitirmişdi, həm də orada balerina kimi işləyirdi. Tanışlıqları konsertdə olub. 10 gün görüşüblər. Daha sonra orkestrin heyəti qatarla geri yola düşəndə qız da onu yola salmağa gəlib. Oqtay sənət yoldaşlarına deyib ki, "bilirsiniz nə var, bundan xoşum gəlir, götürüb özümlə aparacağam". Qatarın yola düşməsinə 15 dəqiqə qalmış qıza deyiblər ki, Oqtay sənə Bakıdan bir şey alıb, qatarda verəcək. Nadejda kupeyə girən kimi qapını bağlayıblar ki, biz səni aparırıq. Qatar yola düşüb. O, pəncərədən rəfiqəsinə deyib ki, anama denən mən getdim. Bizim də heç nədən xəbərimiz yoxdur. Üstündən bir neçə ay keçəndən sonra Leninqraddakı qohumlardan biri gəlib anama dedi ki, "ay Həlimə, Oqtayın konsertinə getdim, yanında qadın var idi, deyəsən, hamilə idi". Bunun ardınca bizə bir gün teleqrama gəldi: "Sizi 8 Mart münasibəti ilə təbrik edirəm, öpürəm. İmza Oqtay Nadya”.

Anam məəttəl qaldı ki, bu qadın kimdir? Mən də Oqtayı çox istəyirdim, həmişə tərəfini tuturdum. Dedim, yəqin evlənib, işiniz olmasın onunla. Ardınca Oqtay məktub yazdı ki, gəlirik, qarşılayın. Atam dedi, mənə rus gəlin lazım deyil, qapını bağlayıb çıxıb getdi. Bacımın əri Zamana dedim, gəl mən damdan düşüm, gedək xəlvətcə qardaşımgili qarşılayaq. Atamdan qorxa-qorxa gedib, axıra 4 vaqon qalmış əl elədik ki, gəlin biz burdayıq. Bunlar da bir-birlərinə söz veriblər ki, əgər qabağımıza gələn olsa, evə gedirik, olmasa kirayə çıxırıq. Bunları götürdüm, damdan evə girdim, qapını açıb içəri buraxdım. Atam axşam evə gəldi, anam qorxusundan səsini çıxarmırdı. Gəlinə dedik, sən bayıra çıxma. Atamı dilə tutaq, onu yumşaldaq sonra görsənərsən. Oqtayın oğlu Rəşid doğulandan sonra atamla Nadyagilin münasibəti düzəldi. Bizimkilər uşağa öyrəşdilər. Münasibət yaxşılaşdı. Nadya ilə Oqtay arasında cəmi bir dəfə dava olub. O da qızlar Oqtaya məktub yazırdılar, zəng edirdilər. Nadya da hirslənirdi, qısqanırdı. Hətta Oqtay onun anasını çağırmışdı ki, gəl qıznı götür get. Mənim atamla anam buna imkan vermədilər. Dedilər, hara gedirsiniz gedin, nəvəmizi qapılarda qalmağa qoymayacağıq. 10 gün Oqtay evdən çıxıb getdi, sonra qayıdıb gəldi, barışdılar.



- Oqtay bəyin Nadejda xanımdan əvvəl başqa bir qızı sevdiyini deyirlər.

Ofeliya İsmayılova: Oqtay əsgərlikdən gələndən sonra həmin xanımla yolları ayrıldı. Çox çalışdım ki, bunları barışdırım, alınmadı. Çox gözəl qadın idi. Həmin qız sonradan Oqtayın acığına Filarmoniyada xorda oxumağa başladı.

Fuad Novruzov: Aktyor Firdovsi Atakişiyevin bir verilişi var idi. Dayım orada qonaq idi. Studiyaya bir qadın zəng etdi. Dedi, Oqtay məni tanıdın? Dayım tez dedi, mən səni tanıdım. Həmişə yadımdasan, narahat olma, mən səni unutmayacağam. Amma qadın verilişdə adını demədi. Yəqin, onun ilk sevgilisi idi.

- Oqtay bəy son günlərində nə istəyirdi, nələri arzulayırdı?

- Fuad Novruzov: Dayımın son günlərdə yanında mən, anam olmuşuq. Haradasa 10 gün qabaq idi, yanvarın 15-də zəng etdi. Bizə dedi ki, oğlu Rəşid ölür. O vaxtdan gördüm ki, özündə deyil. Rəşid rəhmətə gedəndən sonra deyirdi, oğlum ölümündən qabaq salavat çevirdi, bu mənə çox təsir etdi. Ondan sonra bu mövzuda danışmağı sevməzdi. Gözündən əməliyyat olunmuşdu. Bir müddət keçəndən sonra, noyabrın əvvəli mən və nəvəsi onlara getdik. Onda bir az kökəlmişdi. Ürəyimə dandı ki, deyəsən, bu axıra olan əlamətdir. Noyabrın 11-i axşam onlara zəng etdim ki, bəs Nadya, dayıma denən onun çəkildiyi verilişi təkrar verirlər, baxsın. Yoldaşı dedi, Fuad o heçnəyi yandırmağa qoymur, vəziyyəti çox pisdir. Gəldim bunlara, dedi, mənə heç kim inanmır, bəlkə sən inanarsan, mən ölürəm. Zarafata salıb dedim, sözün zadın varsa, mənə denən. İstədi gülsün, gülə bilmədi. Dedi, istəyirəm hamınız xoşbəxt olasınız. Hamıya, yeddinci, səkkininci nəsilə kimi qəribə xeyir-dua verdi. Axşam saat 6-da keçindi. İnanmırdım, necə yəni birdən-birə Oqtay yoxdur. Mən ona deyirdim ki, sən bizim Azərbaycan səhnəsinin Rembrandısan, vaxt gələcək sən gedəcəksən, sonra başa düşəcəklər ki, sənin səsin necə deyərlidir.

- Oqtay bəyin nəvəsi, Rəşidin qızı Afaq xanım haradadır, nə işlə məşğul olur?

Ofeliya İsmayılova: İndi hansısa şirkətdə işləyir. O, efirlərə çıxmağı sevmir. Bizə tez-tez gəlir. Oqtay onu çox istəyirdi. Həmişə bir yerdə gəzməyə gedirdilər. Bir-birlərinə çox bağlı idilər.







































Şahanə Rəhimli
Foto: Şahin Sərdarov
Video : Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Oqtay-Ağayev   Sənətkar  





Xəbər lenti