"O olmasın, bu olsun" Gəncədə göstərildi

"O olmasın, bu olsun" Gəncədə göstərildi
  27 Sentyabr 2019    Oxunub:3016
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Gəncədə qastrol səfərində olub.
Azvision.az xəbər verir ki, kollektiv sentyabrın 25-də Gəncə Dövlət Filarmoniyasının səhnəsində Üz.Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə çıxış edib (tamaşanın quruluşçu rerjissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev).

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tamaşa anşlaqla baş tutub. Tamaşada Gəncə şəhər rəhbərliyinin nümayəndələri, şəhərin icra başçısı və bir sıra digər məsul şəxslər, ziyalılar iştirak ediblər. Çox böyük uğurla keçən tamaşada Teatrın aparıcı solistləri - Xalq artistləri Azər Zeynalov (Məşədi İbad) və Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər İlahə Əfəndiyeva (Gülnaz), Fərid Əliyev (Sərvər), Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qocu Əsgər), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy), Təyyar Bayramov (Xanəndə), solistlər Fəhmin Əhmədli (Həsən bəy), Rafiq Abbasov (Məşədi Qəzənfər), Ağaxan Şərifov (Hambal) və b. çıxış ediblər.

Tamaşanı Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva idarə edib. Kollektivin çıxışını gurultulu alqışlarla qarşılayan Gəncəli tamaşaçılar tamaşa haqqında fikirlərini belə ifadə ediblər: "bu günkü tamaşa bizim üçün əsl bayrama çevrildi. Respublikanın tanınmış sənətkarlarının möhtəşəm ifalarını yaxından seyr etmək bizə böyük sevinc bəxş etdi. Belə qastrol səfərlərinin davamlı olmasını arzu edərdik". Sənətçilərimizin çıxışları yerli və mərkəzi telekanallar vasitəsilə işıqlandırılıb.

Azvision.az





Teqlər: Teatr  





Xəbər lenti