Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək

Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək
  27 Sentyabr 2019    Oxunub:1857
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 29-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında aparılacaq. İmtahana qeydiyyat avqustun 27-dən sentyabrın 27-si saat 16:00-dək aparılıb və bu müddət ərzində 82 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10.00-da başlanacaq və 3 saat davam edəcək.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Bu sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti