“Ukraynageyt”in daha dəhşətli o biri ucu: Suverenlikgeyt – TƏHLİL

   “Ukraynageyt”in daha dəhşətli o biri ucu: Suverenlikgeyt –    TƏHLİL
  28 Sentyabr 2019    Oxunub:7433
Bu həftə ABŞ prezidenti Donald Tramp növbəti böyük qalmaqal və yeni impiçment kampaniyası ilə üzləşdi. “Ukraynageyt” adlanan mərəkənin qısa mahiyyəti bundan ibarətdir ki, əvvəlcə Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı ona hansısa məxfi informasiyaları verdiyinə dair xəbər yayılmışdı. Bundan sonra Ağ Ev həmin danışığın stenoqramını açıqladı və qalmaqal daha da böyüdü.
Məlum oldu ki, Donald Tramp gələn il prezident seçkilərində rəqibi ola biləcək Cozef Baydenə qarşı kompromat toplamağa yardım göstərməsi üçün Zelenskidən tələb, yaxid xahiş edirmiş (Kimin xoşuna necə gəlirsə, o cür də desin) . Bəs söhbət hası kompromatdan gedir?

Məsələ ondadır ki, ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin oğlu Hanter Bayden 2014-cü ildə Ukraynanın qaz yataqlarını işləyən Burisma holdinqinin İdarə Heyətinin üzvü olub. Həmin dövrdə ata Bayden Obama adminstrasiyasının Ukrayna siyasətini kurasiya və həmin ölkənin daxili həyatında aktiv iştirak edirmiş. Böyük ehtimalla, o, oğlunu öz vəzifə səlahiyyətindən və imkanlarından sui-istifadə edərək, həmin vəzifəyə düzəldib. Üstəlik, həm ata, həm də oğul Baydenlərin bu zaman müxtəlif korrupsiya sxemlərində iştirak etdikləri güman olunur. Donald Tramp Zelenskidən xahiş, yaxud tələb edibmiş ki, bu haqda araşdırma aparmaq üçün onu vəkili Rudolf Culiani ilə görüşüb, fəaliyyətinə yardım göstərsin.

Bu xəbər yayılan kimi ABŞ-da sanki bomba partladı. Media bütün cinahlardan Trampı gələnilki seçkiyə müdaxilə cəhdində ittiham etdi. Demokratlar spiker Nensi Pelosinin rəhbərliyi ilə Konqresdə impiçment proseduruna başlayacaqlarını bildirdilər. Amma bu səs-küyün altında itib-batan bir neçə həqiqətən də maraqlı, düşündürücü məqam var ki, gəlin, biz də onlara diqqət yetirək.

Kütlə şüuru ilə manipulyasiya etmək baxımından ABŞ mediasının dünyada tayı-barabəri yoxdur. Onlar çox asanlıqla Qırmızıpapağı azğın balaca nimfoman, canavarı isə onun toruna düşmüş yazıq qoca kimi təqdim edə bilərlər. Bu dəfə də elə oldu: Əgər Bayden öz oğlunu gəlirli vəzifəyə qoymaq üçün səlahiyyətlərindən sui-istifadə edibsə, bunun araşdırılmasında nə pis şey var ki?! Suçlu kimdir: Vəzifəsindən sui-istifadə edən Bayden, yoxsa onun ifşasına çalışan Tramp?! Doğrudan da elə fakt varsa və bundan gələn seçkidə Baydenə qarşı istifadə olunacaqsa, lap yaxşı: Qoy, amerikalı seçici bilsin ki, ona rəhbərlik etmək istəyən şəxs əvvəlki hakimiyyəti dövründə səlahiyyətlərindən necə sui-istifadə edib! Məntiqlə baxsaq, məhz bu cür yanaşma demokratiya və şəffaflıq prinsiplərinə daha çox uyğun olardı.



Amma Amerika mediası bu məntiqi tamamilə baş-ayaq çevirir. Onlara görə, öz səlahiyyətlərini aşan Bayden yox, onun bu əməlini araşdırmaq üçün göstəriş verən Tramp çox böyük qəbahət işləyib. Özü də o dərəcədə böyük ki, cəmi bir il vaxtının qalımasına baxmayaraq, istefaya göndərilməlidir! Çünki həmin faktlar həqiqətən tapılsa, onlardan seçki ərəfəsində Baydenə qarşı istefa olunacaqdı. Amma sağlam məntiqlə yanaşsaq, niyə də olunmamalıdır axı?! Təbii ki, hər bir siyasətçi rəqibinə qarşı kompromat axtaracaq; Və hər bir siyasətçinin keçmiş cinayətlərindən ona qarşı istifadə edilməlidir ki, həmin əməlləri bir daha təkrarlamaq üçün yeni şans qazanmasın. Bu qalmaqal Amerika siyasətinin nə qədər absurd, məntiqsiz və ziyanlı, manipulyativ bir şou olduğunu göstərir.

Halbuki, əslində məhz işin bu tərəfində qalmaqal doğuracaq heç bir şey yoxdur. Əsl qalmaqal əks tərəfdə olmalı idi. Çünki Trampın Zelenski ilə söhbətinin mətni ABŞ-ın Ukraynanı necə bir vəziyyətə saldığını açıq-aşkar göstərir. Trampın hansı əsaslarla Zelenskiyə - başqa bir suveren dövlətin prezidentinə,- tapşırıq verdiyini hələ qırağa qoyaq. Telefon danışığı zamanı Zelenski ABŞ prezidentinə köhnə səfiri dəyişdiyi üçün təşəkkür edərək, bildirir ki, “...O, məni yeni prezident kimi tam qəbul etmirdi”. Dəhşəti təsəvvür edirsinizmi?! Səfir xidmətdə olduğu ölkənin prezidentini qəbul etmir! Bu, nə deməkdir?! Söhbət səfirdənmi gedir, yoxsa, canişindənmi? Budurmu suverenlik, azadlıq, demokratiya?! Əslində bu cümləsinə görə Zelenskiyə impiçment tələbi daha məntiqli görünərdi...

Donald Tramp BMT-dəki çıxışında belə deyirdi: “Əgər demokratiya istəyirsinizsə, suverenliyinizdən möhkəm yapışın. Azadlıq istəyirsinizsə, dövlətinizlə fəxr edin”. Əgər Amerika səfiri olduğu ölkənin prezidentini oranın rəhbəri kimi qəbul etmək istəmirsə, budurmu suverenlik?! Belə dövlətlə necə fəxr edəsən?

Daha sonra telefon danışığında Tramp Almaniyanın Ukrayna üçün heç nə eləmədiyini söyləyəndə Zelenski onun sözünə qüvvət verərək, Fransanı da bura əlavə edir. Halbuki, reallıqda Zelenski Merkel və Makron ilə daha çox təmasda olur və onlardan heç də az dəstək görmür. Trampla danışanda isə məlum olur ki, Ukraynanın bircə dostu varsa, o da ABŞ-dır. Buna görə də Kiyev Amerikadan “Cevelin” raketlərini almalıdır. Maraqlıdır: hansı pula? Onun fərqi yoxdur, əsas budur ki, dostluğun əvəzinə ödəmək lazımdır.

Son 50 ildə ABŞ siyasətində Uotergeytdən tutmuş, Monikageytə qədər çox “...geyt”lər olub. Amma bunlardan fərqli olaraq, Ukraynageyt Amerika prezidentindən çox, Ukrayna prezidentinin fiaskosudur. Daha doğrusu, prezidentinin yox, fiaskonun miqyası daha böyükdür, bəlkə hətta “dövlətçiliyinin” demək daha düzgün olardı. Amerika mediası işin bu tərəfinə işıq düşməsinə imkan verməsə də, ölkələrə xaricdən sırınan “demokratiya”nın o biri üzü aşkar göründü. Məlum oldu ki, Trampın dediyi formulu əksinə çevirəndə işləmir: Süni yolla gələn demokratiya nə qədər çox olursa, suverenlik bir o qədər azalır.

Vüsal Məmmədov

Azvision.az



Teqlər: Tramp   Zelenski   Ukraynageyt  





Xəbər lenti