Hakim olmaq istəyən 158 namizəd imtahan verib

Hakim olmaq istəyən 158 namizəd imtahan verib
  28 Sentyabr 2019    Oxunub:2580
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi həyata keçirilir.
Məhkəmə Hüquq Şurasından Azvision.az -a verilən məlumata görə, bu ayın 15-də 206 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzində test imtahanı keçirilib. Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onlar üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb, hər bir namizədin nəticələri ona dərhal elan olunub.

Test imtahanından 60 və daha artıq bal toplayaraq müsabiqənin növbəti mərhələsinə buraxılmış 158 nəfər hakimliyə namizədlə sentyabrın 28-də Dövlət İmtahan Mərkəzində yazılı imtahan keçirilib. Hakimlərin seçilməsi Qaydalarına uyğun olaraq imtahan başlamazdan əvvəl hazırlanacaq imtahan suallarının sayı ilə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən qərar qəbul edilib.

Bundan sonra Hakimlərin Seçki Komitəsi imtahan keçirilən binada, özünün qapalı iclasında sualları hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər bu suallardan təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid olmaqla ikisini seçiblər.

Dörd saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacaqıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Tam anonim olan cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra imtahan nəticələri elan olunacaq.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Azvision.az


Teqlər: DİM   İmtahan   Hakim   Məhkəmə  





Xəbər lenti