Ermənistanda vəziyyət acınacaqlıdır - İtaliyalı jurnalist yazır

  29 Sentyabr 2019    Oxunub : 1035
 Ermənistanda vəziyyət acınacaqlıdır - İtaliyalı jurnalist yazır
“Uzun çirkli yollar. Boş, məhv olunmuş sahələr. Dəmir, hətta kirəmit dam örtükləri olan, kərpicdən tikilmiş evlər. Ermənistanın paytaxtından kənara çıxan kimi özünü sonsuz yoxsulluğun içində tapırsan....”.
Azvision.az xəbər verir ki, bu sözləri Ermənistanda səfərdə olmuş İtalyan Katolik Həftəlik Qəzetləri Federasiyasının (FISC) jurnalistlərdən biri M.Chiara Biagioni səfərindən sonra yazdığı məqalədə qeyd edib.

Jurnalist vurğulayıb ki, 8 milyonluq dəyəri olan sözügedən layihələr yoxsulluqdan əziyyət çəkən Ermənistanda köməyə ehtiyacı olan əsasən uşaqlara və yaşlılara yardıma yönəlib.

Məqaləsində səfər zamanı Ermənistanda (İrəvanın Türkiyə ilə sərhəd əyalətlərindən biri olan Artaşat, habelə Gümrü şəhərində) üzləşdiyi yoxsulluğu və acınacaqlı vəziyyəti təfərrüatlı şəkildə təsvir edən jurnalist yerli əhali ilə söhbətinə istinad edərək bu vəziyyəti, xüsusilə də ətraf bölgələrdə yaşayan ermənilərin yaşam tərzini “ağ soyqırımı” adlandırıb.

“Caritas Roma” təşkilatının Artaşat ofisinə gəldikdə isə jurnalist ofisin yoxsul evlərin arasında bir qədər kənarda yerləşdiyini, mütəmadi olaraq burada işləyən 20-yə yaxın könüllünün əyalətdəki yaşayış vəziyyətləri çox ağır, əşyasız və su problemləri olan evlərdə acınacaqlı vəziyyətdə yaşayan, övladları tərəfindən tərk edilmiş yaşlıları ziyarət ediklərini, onlara tibbi yardım göstərdiklərini, hər 15 gündən bir yağ, pendir, düyü, şəkər və digər ehtiyacları qarşılayacaq bağlamalarla təmin etdiklərini bildirib.

Jurnalist tənhalığa düçar olmuş yaşlılarla bağlı acınacaqlı vəziyyəti hazırda Ermənistanda gənclərin iqtisadi böhranla əlaqədar olaraq ölkəni tərk etməsi və valideynlərin tənhalıq içində qocalması ilə əlaqələndirib. Jurnalist layihə çərçivəsində orada yoxsulluq içində yaşayan, dağılmış ailələrdən gələn 7-17 yaş arası yetim uşaqlara dəstək üçün “Piccolo Principe” (Kiçik Şahzadə) mərkəzinin də fəaliyyət göstərdiyini qeyd edib. O, uşaqların yoxsulluq, antisanitariya şəraitində yaşam nəticəsində yaranan xəstəliklərdən əziyyət çəkdiyini də diqqətə çatdırıb.

“Sizin İtaliyanın buradakı insanlar üçün necə bir yaxşılıq etdiyindən təsəvvürünüz belə yoxdur. Bu pullar həyata ehtiyacı olan insanlara ümid gətirir. Sizin üçün həmin pullar sadəcə rəqəmdir, buradakılar üçün isə həyatdır”, - deyə jurnalistlə söhbətində erməni-katolik kilsəsinin yepiskopu Rafael Minasian bildirib.

İtaliyalı jurnalist Ermənistanın qərb sərhədlərinə başqa ölkənin əsgərlərinin nəzarət etdiyini və onların sərhəddən giriş və çıxışı qadağan etdiyini, eyni vəziyyətin şərq sərhədlərində də mövcud olduğunu vurğulayır. O, Ermənistanın Azərbaycanla müharibə şəraitində olmasının ölkəni mütəmadi şəkildə gərginlikdə saxladığını, istər qərb, istərsə də şərq sərhədlərinin bağlı olmasının malların tranzitinə, ticarətin inkişafına mane olduğunu, bu vəziyyətin də ölkəni ciddi iqtisadi böhrana gətirib çıxardığını diqqətə çatdırır.

Jurnalist Azərbaycan ilə yekun bir razılığın əldə edilməyəcəyi və Türkiyə ilə münasibətlərin yaxşılaşmayacağına qədər vəziyyətin dəyişməyəcəyini bildirib.

Azvision.az

Teqlər: