Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirildi

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirildi
  29 Sentyabr 2019    Oxunub:2187
Sentyabrın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirilib.
Azvision.az DİM-ə istinadən xəbər verir ki, imtahana qeydiyyat iyulun 27-dən avqustun 27-dək aparılıb və bu müddət ərzində 82 namizəd qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ons imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 80 namizəd iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB2 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 3 nəfər, AC1 altqrupu üzrə 5 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 6 nəfər, AC4 altqrupu üzrə 8 nəfər olmaqla, ümumilikdə 25 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün sentyabrın 30-dən oktyabrın 11-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.

İmtahanın nəticələri ilə bağlı Apelyasiya Komissiyası sentyabrın 30-dan oktyabrın 2-dək saat 14:00-17:00 arasında Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti