Futbolumuzdakı gizli oyunlar – TƏHLİL

Futbolumuzdakı gizli oyunlar – TƏHLİL
  10 Dekabr 2013    Oxunub:1441
Yəqin ki, ölkə futbolunda şəffaflığın olduğuna inanan azarkeşlərin sayı o qədər də çox deyil. Təsadüfi deyil ki, ölkədaxili yarışlarda nə hakimlərin hansısa komandaya rəğbəti haqda söz-söhbətlər səngiyir, nə də AFFA-nın və ya PFL-in bilərəkdən hər hansı kluba yardımçı olması barədə söyləntilər sona çatır.

Başlayaq elə bəzi elita təmsilçilərinin “qardaşlaşmasından”. Topaz Premyer-Liqasında mübarizə aparan “İnter”lə “Simurq”un əlaqələrindən çox bəhs olunub. Düzdür, komandaların oyunlarını qarşılıqlı razılıq əsasında keçirdiyini sübut etmək üçün konkret dəlil yoxdur. Üstəlik, son matçlarda “Simurq”un “İnter”i yenməsi məlum söz-söhbətlərə tutarlı arqumaent sayıla bilər.
Ancaq bütün futbol ictimaiyyəti yaxşı bilir ki, bu son oyunlarda zaqatalalıların qələbəsi sadəcə gözə kül üfürmək idi. Hər halda, “sarı-qaralar”ı Kaxaber Tsxadadzenin “İnter”dəki köməkçisi Georgi Çixradzenin çalışdırması və “İnter”li futbolçuların yalnız “Simurq”a icarəyə verilməsi də çox şeydən xəbər verir. Amma bu barədə çox danışmağa dəyməz. Ən azı görünən kəndə bələdçi lazım olmadığı üçün.

Bu mənada ilk ağıla gələn AFFA prezidenti Rövnəq Abdullayev olur. Düzdür, fedarasiya prezidenti "Neftçi"nin keçmiş rəhbərlərindən olsa da, onu flaqmana yardım etməkdə günahlandırmaq olmaz. Amma özündən sonra paytaxt klubunun prezidentlərinin məhz onun yaxın qohumları olması da birmənalı qarşılanmır. Abdullayevdən sonra "Neftçi"nin prezidenti əvvəlcə AFFA rəhbərinin xalası oğlu Əkbər Hacıyev, daha sonra isə yaxın qohumu Sadıq Sadıqov oldu.

Bəlkə də PFL-in prezidenti Ramin Musayevi də bu siyahıya əlavə etmək olar. Doğrudu, burada söhbət Ramin Musayevin hər hansı peşəkarlığa sığmayan hərəkətindən getmir. Amma Musayevin hazırkı vəzifəyə təyin olunana qədər "Neftçi"nin vitse-prezidenti kimi çalışması və hazırda icarə əsasında “Simurq”da çıxış edən oğlu Elvin Musazadənin məhz flaqmana məxsus olması da unudulmamalıdır. Deməli, PFL prezidentinin "xalq komandası" ilə bağlı hər hansı hadisəni obyektiv qiymətləndirməməsi mümkündür.

"Neftçi"yə yaxınlığı ilə bilinən daha bir şəxs isə hazırda AFFA nümayəndəsi kimi çalışan Məmmədəli Məmmədovdur. Belə ki, "Neftçi"nin hazırda ev oyunlarını keçirdiyi və komandaya məxsus olan İsmət Qayıbov adına stadionun direktoru olan Məmmədovun AFFA nümayəndəsi kimi “ağ-qaralar”ın oyunlarına təyinat alması heç bir məntiqə sığmır. Belədə sözügedən şəxsin son çempiona azarkeşlik etməyəcəyinə, onun "zibillər"ini ört-basdır etməyəcəyinə kim zəmanət verə bilər?

Oxşar vəziyyəti laynsman Munis Abdullayevin timsalında da müşahidə edirdik. Vaxtilə hazırda birinci divizionda çıxış edən "Qaradağ Lökbatan"ın məşqçilər korpusunda yer alan köməkçi hakimin obyektiv hakimlik etməsi şübhə doğurmaya bilməz. Hər halda, onun bakılıların əsas rəqiblərinin matçlarının gedişinə təsir etmək imkanları böyükdür. Yeri gəlmişkən, Aydın Ələkbərovun da oxşar işlə məşğul olduğu deyilir. Hər halda, hər iki hakimi matçlara təyin edən PFL nümayəndələrinin bundan xəbərsiz olması mümkünsüzdür. Buna isə sıradan olay kimi yanaşmaq olmaz.

Hazırda AFFA nümayəndəsi kimi fəaliyyət göstərən Adil Nadirovun "Qarabağ" klubunun yaradıcılarından olması məlumdur. Belədə Nadirovun fedarasiya nümayəndəsi qismində Ağdam təmsilçisinin oyunlarına yollanmasına nə ad vermək olar? Üstəlik, o, klubun şərəfini qoruyan Vüqar Nadirovun doğma əmisidisə...

Bundan başqa, AFFA nümayəndəsi kimi çalışan Namiq Məstanovun aşağı divizionda mübarizə aparan “Turan T” komandasının prezidenti olması da maraqlı məqamdır. Belə vəziyyətdə Namiq bəyin çempionat oyunlarına təyin edilməsi peşəkar yanaşma sayılmamalıdır.

Futbolumuzun iki “cəbhə”yə işləyənləri arasında adı hallanan daha bir futbol adamı isə Elçin Məmmədovdur. Hazırda hakimlikdən uzaqlaşdırılan referinin menecer olduğu haqda söyləntilər dolaşmaqdadır. Əgər həqiqətən də Məmmədov menecer kimi fəaliyyət göstərirsə, onda sabiq hakimin dəfələrlə meneceri olduğu oyunçularla meydanda qarşılaşması yolverilməzdir.

Futbol sahəsindəki fəaliyyəti birmənalı qarşılanmayan daha bir şəxs isə milli yığma komandamızın baş məşqçisi Berti Foqtsun tərcüməçisi Aydın Rüstəmovdur. İnsafən deyək ki, burada söhbət hər hansı faktdan getmir və Rüstəmovun hər hansı əməli mübahisə mövzusu deyil. Sadəcə, söyləntilərə görə, Foqtsun tərcüməçisi “Qəbələ"nin yarımmüdafiəçisi Amit Quluzadə və millimizin sabiq hücumçusu Murad Hüseynovun meneceridir və sonuncu məhz Rüstəmovun sayəsində milli komandaya qədər yüksəlmişdi.

Yuxarıda sadalanan futbol adamlarının siyahısına yaxın keçmişdə "Neftçi"nin əsas fiqurlarından sayılan və hazırda AFFA nümayəndəsi kimi çalışan Maşallah Əhmədovu, eləcə də "ağ-qaralar"ın daha bir sabiq üzvü olan, müxtəlif vaxtlarda "Qarabağ"da bir sıra vəzifələri icra etmiş Elburus Abbasovu, həmçinin daha neçə-neçə futbolumuzun öndə gələn simasını əlavə ədə bilərik. Gəl ki, bütün bunlar sadaladığımız qeyri-peşəkarlıq nümunələrinin aradan qaldırılmasına kömək etməyəcək.

Tural Məmmədov
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:





Xəbər lenti