İşləmək üçün Qubaya getdi, qismətini orada tapdı - Gənc müəllimlə söhbət

 İşləmək üçün Qubaya getdi, qismətini orada tapdı -  Gənc müəllimlə söhbət
  04 Oktyabr 2019    Oxunub:12351
Vüsalə İsgəndərli Quba rayonu, Əspərasti kənd Nurəddin Rzayev adına tam orta məktəbində müəllim işləyir. 24 yaşlı gənc müəllim Qubaya Qəbələnin Vəndam kəndindən gəlib. Burada 3 ildir ki, fizika fənninin tədrisi ilə məşğul olur. Onun gəlişinə qədər məktəbdə 16 il fizika fənni tədris olunmayıb. İndi Vüsalə xanım məktəbin yeganə fizika müəllimidir.
Müəllim işləmək üçün uzun yol qət edən V.İsgəndərli Azvision.az-ın əməkdaşı ilə həmsöhbət olub.

- Qəbələnin Vəndam kəndində anadan olmuşam. 2013- cü ildə məktəbi bitirib, Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşam. 2017- ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak etdim. 37 balla Əspərasti kəndinə təyinat aldım.

- 16 il ərzində burada fizika dərsləri keçirilməyib. Sizə burada işləmək, fizika fənnini tədris etmək çətin deyilmi? Çünki sizdən başqa məktəbdə fizika müəllimi yoxdur.

- Əlbəttə, uşaqlarla işləmək başlanğıcda çox çətin idi. Fizika haqqında anlayışları yox idi. Amma onlarda həvəs yarada bildik.

- Neçənci siniflərdən dərslərə başladınız?

- 6 - cı siniflərdən.

- Ailənin tək övladısınız, yoxsa sizdən başqa bacı-qardaşınız var?

- Bir bacım var, qardaşım yoxdur.

- Bəs nə əcəb valideynləriniz qız övladlarının Qəbələdən Qubaya gəlib işləməsinə icazə verdilər?



- Bizim ailədə elə qadağalar olmayıb.

- Bu kənddə sizi ən çox nə cəlb edir?

-Buranın uşaqları. Onları çox istəyirəm.

- Yəqin ki, kirayə qalırsınız?

- Gəldiyim il Rus dili fənini tədris edən Məmmədxan müəllimin evində kirayə qaldım. İkinci ili isə məktəbimizdə laborant işləyən oğlanla ailə qurdum, daha getməyimə ehtiyac qalmadı. Uşaqlar məni, mən də onları çox sevirəm. Bütün günü arxamca qışqırırlar "müəllimə, müəllimə...".



- Gəldiyinizdən bu günə kimi yadınızda ən çox hansı xatirə qalıb?

- Şagirdlərimdən biri məni bir dəfə qardaşına göstərib demişdi, “yaxşı müəllimədir bu”, bunu eşidib çox sevinmişdim.

- Gənc müəllimsiniz. Hamının rəğbətini qazanmısınız. Şagirdlərinizdən kimsə sizə sevgi məktubu yazıbmı heç?

- Şagirdlərim mənə rəğbətlərini bildirən xeyli məktublar yazıblar. Çoxunu saxlamışam, hazırda evdədir. Bayramlarda gül və ya ətir hədiyyə verirlər, yanında da məktub olur. Ad günümü soruşurlar, gizlədirəm.

- Siniflərdə şagirdlər arasında qızların sayı azdır, səbəb nədir?

- Qızlar 9- cu sinfə çatanda valideynləri onları məktəbdən çıxarır. Əsasən də oxumayan qızları dərsə qoymurlar. Qızları başa salıram ki, oxuyun, oğlanlardan daha çox sizə təhsil lazımdır.

Bundan əlavə, demək istəyirəm ki, Vəlvələ çayı üzərində körpü olsaydı, gediş-gəliş asan olardı. Uşaqlar hazırlığa gedərdilər və qonşu kəndlərdən bura müəllimlər gələrdi.

- Siz müəllim olmaqla yanaşı, həm də gənc anasınız. Həm məktəb, həm də ev işləri sizə çətin deyil?

- Qayınanamla birgə övladıma baxırıq. Bir uşağa görə digərlərini ata bilmərəm.

Şahanə Rəhimli
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Quba   Müəllimə   Kənd  





Xəbər lenti