AzTU-da fakültələr yenidən təşkil ediləcək

AzTU-da fakültələr yenidən təşkil ediləcək
  04 Oktyabr 2019    Oxunub:3914
Azərbaycan Texniki Universiteti (AzTU) son vaxtlar yenidən diqqəti özünə cəlb etməyə başlayıb və yeni rektor təyinatından sonra bu ali təhsil ocağinda atılan addımlar, dəyişikliklər böyük maraqla izlənilir.
Azvision.az xəbər verir ki, Universitetin Elmi Şurasının bu günlərdə keçirilən iclasında AzTU-nun rektoru, professor Vilayət Vəliyev Texniki Universitetin yüksək texnologiyalar dövrünün çağırışlarına uyğun strateji inkişaf prioritetlərini açıqlayıb.

Elmi Şurada universitetdə aparılan elmi-tədqiqat işlərinin ölkə iqtisadiyyatının əsas inkişaf prioritetlərinə uyğun altı istiqaməti müəyyən edilib və bu fonda fakültələrin yenidən təşkilinə qərar verilib. Bununla bağlı yeni dekan seçkiləri olacaq. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qəzənfər Bayramov bildirib ki, professor Vilayət Vəliyev faktiki olaraq AzTU-da islahatlara, ciddi struktur dəyişikliklərinə start verib. Onun sözlərinə görə, yeni rektor son iki ayda universitetin fəaliyyəti, potensialının açilması və inkişafı üçün köklü islahatlara zəmin yaradan ciddi addımlar atmağa başlayıb.

Universitetin yeni inkişaf konsepsiyası hazırlanır. Gələn il 70 illiyini qeyd edəcək AzTU tarixi ənənələri olan ali təhsil ocağıdır, rektor onun imicinin formalaşmasına xələl gətirən bütün xoşagəlməz hallara qarşı qətiyyətlə mübarizə aparır. Q.Bayramov qeyd edib ki, professor V.Vəliyevin hədəfi AzTU-nun beynəlxalq reytinqini yüksəltmək və regionda aparıcı universitetə çevirməkdir.

Azvision.az


Teqlər: AzTU  





Xəbər lenti