“Kompüteri söndürüb-yandıra bilmirdilər” - Bakını kəndə dəyişən müəllim

  “Kompüteri söndürüb-yandıra bilmirdilər” -  Bakını kəndə dəyişən müəllim
  04 Oktyabr 2019    Oxunub:3996
“Həmişə istəyirdim ki, işlədiyim məktəb yaşıllıqda, dağ, çay olan yerdə olsun”.

Bunu Azvision.az-a Quba rayonu, Əspərasti kənd Nurəddin Rzayev adına tam orta məktəbin informatika müəllimi Samirə Məmmədli deyib. Gənc müəllim Qubaya Bakıdan öz istəyi ilə işləməyə gedib.
O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur: “Uşaqlıqdan Bakıda yaşamışam. 2015-ci ildə qərar verdim ki, ucqar kəndlərdən birində informatika müəllimi işləyim. Çünki universitetdə bəzi tələbə yoldaşlarımın informatika dərsində kompüteri söndürüb-yandırmaq kimi sadə əməliyyatları edə bilməməsinin şahidi oldum. Bu mənə çox təsir etdi. Başa düşdüm ki, kənd məktəblərində informatika çox zəif keçirilir. Müasir texnologiya dövründə isə bu yaxşı hal deyil. Qərar verdim ki, bu il istənilən rayonu yazacağam, təki ucqar kənd olsun".

Müəllimlərim işə qəbulu imtahanında 40 bal toplayan S.Məmmədl çox keçmədən arzusuna çatıb: "40 balla bura işə götürüldüm. Həm təmiz havası var, həm də gediş- gəliş çətin deyil. Yaşıllıq, dağlıq yer istəyirdim. Ən əsası bu məktəbdə uşaqların həvəsi var. Şəhərdəki şagirdlərlə buradakılar arasında çox fərq var. Buradakıların maraqları hədsizdir. Məqsədsiz şagirdimiz yoxdur. Çoxu müəllim olmaq istəyir. Bu da sevindirici haldır”.



S. Məmmədlinin sözlərinə görə, ixtisas fənləri üzrə müəllim çatışmazlığı uşaqların arzularını ürəklərində qoyur: “Məktəbimizdə kimya, biologiya fənləri üzrə müəllim çətin tapılır. Bu səbəbdən informatika, riyaziyyat müəllimi olmaq istəyən çox azdır. Düşünürlər ki, birinci qrupa versəm, biologiya və kimyanı necə öyrənəcəyəm. Axı, o fənlərin müəllimi yoxdur. Xüsusən, bu məktəbdə. Məcbur qalıb daha çox 3-cü qrupa imtahan verirlər. Şagirdlərin özləri də kənd məktəblərində işləmək istəyirlər”.

Müsahibimiz Qubadan ayrılmaq istəmədiyini söyləyib. O, hələ bir neçə il burada qalacağını deyib.

“9-cü sinfin rəhbəriyəm. Uşaqlar çox tərbiyəlidirlər. Bir baxış atan kimi, özlərini yığışdırırlar. Yazda dağlarda piknik edirik, isti havalarda dağları gəzirik, meyvə yığırıq. Otağımızda 7 kompüter var. Uşaqlar növbə ilə istifadə edirlər. Bəzən bir neçə şagirdə bir kompüter veririk ki, təki nəsə öyrənsinlər”.

Şahanə Rəhimli
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Quba   Müəllim  





Xəbər lenti