“Paşinyanın bəyanatı Qarabağda yeni eskalasiyanın başlanğıcı oldu” - “Kommersant” qəzeti

  07 Oktyabr 2019    Oxunub : 2461
 “Paşinyanın bəyanatı Qarabağda yeni eskalasiyanın başlanğıcı oldu” - “Kommersant” qəzeti
"Kommersant" qəzetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "Burada iki nöqtə ola bilməz” başlıqlı məqalə dərc edilib.

Azvision.az -ın məlumatına görə, məqalədə deyilir ki, bir qədər davam edən sakitlikdən sonra Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyət kəskin şəkildə pisləşib.
Baş nazir Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” açıqlamasına cavab olaraq Prezident İlham Əliyev "Valday" Klubunun iclasında çıxışı zamanı "Qarabağ Azərbaycanındır və nida" bəyanatını səsləndirdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nikol Paşinyanın sözlərini tənqid etdikdən sonra, Ermənistan Xarici İşlər Nazirliyi vasitəçilərin "birtərəfli qiymətləndirmədən" çəkinmələri barədə açıqlama yaydı.

Məqalədə bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında yeni eskalasiyanın başlanğıc nöqtəsi Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Dağlıq Qarabağa səfəri zamanı "sensasion" bir bəyanatla çıxış etməsi oldu: “Qarabağ Ermənistandır və nöqtə".

“Kommersant” yazır ki, Xankəndində Paşinyan 1992-ci ildə vəfat etmiş “erməni azadlıq ordusunun qurucularından” biri olan Leonid Azqaldyanın ifadəsini təkrarladı. Son vaxtlara qədər Ermənistan rəhbərliyinin nümayəndələri Leonid Azqaldyandan açıq şəkildə sitat gətirməməyi üstün tuturdular. Öz opponentlərinə onları 90-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi dörd qətnaməni yerinə yetirməməkdə ittiham etmək üçün əlavə bir səbəb vermək istəmirdilər.

BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü ildə qəbul etdiyi 853 nömrəli qətnamə, xüsusən də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləyir, Ağdam rayonunun və Azərbaycan Respublikasının işğal olunmuş digər rayonlarının işğalını pisləyir və silahlı qüvvələrin işğal edilmiş bütün ərazilərdən dərhal, tam və qeyd-şərtsiz geri çəkilməsini tələb edir.

Bu arada, sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışını Qarabağa və Azərbaycanla münasibətlərə həsr edən Paşinyan Xankəndindəki nitqinin və Leonid Azqaldyandan sitat gətirməyin təsadüfi olmadığını ortaya qoydu.

Məqalədə Prezident İlham Əliyevin Soçidə keçirilən "Valday" Klubunun plenar iclasında çıxışı zamanı Qarabağa dair səsləndirdiyi bəyanata xüsusi yer ayrılıb: “Paşinyan özünün emosional çıxışında “Qarabağ Ermənistandır və nöqtə" demişdi, bunu yalan adlandıran Əliyev isə "Qarabağ Azərbaycandır və nida” bəyanatını verdi”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Paşinyan   Qarabağ