Türkiyədən Trampın təhdidlərinə cavab: “Siyasətimiz dəyişməyəcək”

Türkiyədən Trampın təhdidlərinə cavab:    “Siyasətimiz dəyişməyəcək”
  08 Oktyabr 2019    Oxunub:5905
Türkiyə təhdidlərin təsiri altında öz siyasətini dəyişməyəcək.

Azvision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Suriyanın şimalında hərbi əməliyyatlar başlayacağı təqdirdə Türkiyənin iqtisadiyyatını məhv edəcəyi ilə bağlı bəyanatına cavab olaraq bu ölkənin vitse-prezidenti Fuat Oktay bildirib.
“Bizim beynəlxalq aləmə mesajımız aydındır: Türkiyə təhdidlərin təsiri altında hərəkət edən ölkə deyil. Özümüz yolumuzu təyin edəcəyik və uyğun hesab etdiyimiz addımları atacağıq. Bizə nəyin bahasına başa gəlməsindən asılı olmayaraq, sərhədlərimiz yaxınlığında terror dəhlizinin yaradılmasına imkan verməyəcəyik. Sərhədlərimizin əmin-amanlığını və suriyalı qardaşlarımızın gələcəyini təmin etmək, eləcə də Suriyanın ərazi bütövlüyü və siyasi birliyi ilə bağlı mövqeyimiz dəyişməz qalacaq", deyə vitse-prezident bəyan edib.

Onun sözlərinə görə, 370 min suriyalı qaçqın artıq Türkiyənin "Fərat Qalxanı" və "Zeytun budağı" əməliyyatlarını keçirdiyi Suriyanın şimal-qərbindəki bölgələrə qayıdıblar: "İndi Fərat çayının şərqində təhlükəsizlik zonası yaratmağın növbəsidir. Türkiyə ölkəmizi cənub sərhədlərindən təhdid edən terrorçulara yerini göstərəcək, həmçinin suriyalı qaçqınların doğma yurdlarına qayıtmalarına da yardım göstərəcək”.

Daha əvvəl Tramp öz “Twitter” səhifəsində “Ankaranın “sərhədləri keçəcəyi” təqdirdə, Türkiyə iqtisadiyyatını məhv edəcəyik” deyə təhdid edib. Onun sözlərinə görə, Türkiyə, Avropa və digər ölkələr tutulan “İŞİD” döyüşçülərinə və onların ailələrinə nəzarət etməlidirlər.

P.Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Tramp  





Xəbər lenti