İdiotun arzusu, yaxud mərkəzdə mitinqin düz olmadığı piketlə necə sübut edildi

      İdiotun arzusu,    yaxud mərkəzdə mitinqin düz olmadığı piketlə necə sübut edildi
  08 Oktyabr 2019    Oxunub:18184
Ostap Bender həmişə arzuladığı milyon manatı əldə edəndə ilk sözü bu olmuşdu: “Сбылась мечта идиота!” Yəni hər zaman bunun üçün çalışırdın, bütün planları bunun üçün qururdun, bütün addımların bunun üçün atılırdı, nəhayət, istədiyini əldə etdin. Bəs sonra? İndi nə edəcəksən?!
(Bu sual müasir oxucuya qəribə görünə bilər, ona görə xatırladaq ki, SSRİ-də milyon manatı heç nəyə xərcləmək mümkün deyildi. Yəni sənin milyon manatının olub-olmamağı praktik olaraq heç nəyi dəyişmirdi.)

AXCP və Milli Şura neçə illərdir ki, “Şəhərin mərkəzində aksiya” tələb edirdilər. Budur, nəhayət, arzuları reallaşdı. 50 nəfər BŞİH-in qabağına yığılıb, piket keçirdi. Və biz bildik ki, onlar mitinq keçirmək istəyirlər. Əla! Nə yaxşı ki, bunu çatdırmaq üçün piket keçirdilər, yoxsa, heç kimin xəbəri yox idi...

Lap məşhur lətifədəkinə bənzər mənzərə yaranır: “Su istəyirsən? Get, iç də! Daha başımı kəsmək nəyə lazımdır?!” BŞİH-in AXCP ilə səssiz dialoqunda belə bir mükalimə eşidilirdi sanki: “Mitinq istəyirsiniz? Gedin keçirin də! Daha piket nəyə lazımdır?! Axı bunu zatən heç kim qadağan eləmir...” Piketdən dərhal sonra Əli Kərimli oktyabrın 19-na mitinq təyin etdikərini yazdı. Lap yaxşı – Lökbatan 30 min yerlik stadionu ilə hazır durub. Bunun üçün piketə ehtiyac yox idi ki. Şəhərin mərkəzində toplaşıb, özünə və başqalarına əziyyət vermək lazım deyildi.

Piketə icazə vermək çox ağıllı gediş idi. BŞİH bütün mübahisələrə son qoyaraq, göstərdi ki, şəhərin mərkəzində aksiya keçirmək olar. Buna heç bir qadağa yoxdur. Amma baxır, o, nə aksiyadır – 50 nəfərlik piketdirsə, buyurun; yox, daha artıq adam toplamaq istəyirsinizsə, onda Lökbatana! Sanki, BŞİH verdiyi icazə ilə radikallara bunu söylədi: “Gördüyünüz kimi, hətta 50 nəfərlik piketi belə sakit, qanunu pozmadan, insanlara mane olmadan keçirə bilmirsiniz. Görün, daha artıq adam toplaşsa, nə olar?! Başa düşün, şəhərin mərkəzi aksiya yeri deyil”.

Paradoksal görünə bilər, amma şəhərin düz mərkəzində piketə icazə verməklə hakimiyyət əməldə sübut etmiş oldu ki, ora mitinq yeri deyil. Bununla da “mərkəzdə mitinq” söhbətlərinə bilmərrə nöqtə qoyulması labüdləşdi. Hər kəs gördü ki, doğrudan da, yeri deyil... İnanmayanlar da əmin oldular.

Beləcə, “Mərkəzdə aksiya olar-olmaz” oyununda BŞİH gediş elədi və qalib gəldi.

Qayıdaq əvvəldəki idiotun arzusuna. İllərdir ki, “mərkəzdə aksiya, mərkəzdə aksiya” deyilirdi. Budur: Arzu gerçəkləşdi. Nə əldə olundu? Bu, günün sualıdır. Onun cavablarını isə belə sıralaya bilərik:

1) Mərkəzdə aksiya keçirməyin düzgün olmadığı sübut edildi;
(Doğrudan, bizim müxalifətin hər şeyi yanıltmacdır: Mərkəzdə mitinq keçirmək üçün mərkəzdə piket keçirirlər və mərkəzdə keçirdikləri piketlə sübut edirlər ki, mərkəzdə aksiya keçirmək düzgün deyil.)

2) Mitinqlə heç bir əlaqəsi olmayan vətəndaşlara, xüsusilə də şagirdlərə və onların valideynlərinə, həmin ərazidən keçib-gedənlərə narahatçılıq yaradıldı.

3) Neçə gündür aparılan ziyanlı təbliğat nəticəsində bir qrup insan boş yerə, sadəcə seyirçi qismində piket keçiriləcək əraziyə cəlb olundu. Sanki bu, piket yox, korridadır, kənarda bir dəstə azarkeş olmasa, keçirilə bilməz.

4) 4) Milli Şura polislə hansısa insidentin yaranması üçün əlindən gələn hər şeyi etdi. Hətta Fuad Qəhrəmanlının yürüşə çağırış etməsi kimi açıq qanun pozutusuna da getdi. Yaxşı ki, polis buna uymadı.

Ən əsas nəticə isə əlbəttə ki, bu idi: Aksiyanın sayəsində hamımız bildik ki, radikallar şəhərin mərkəzində mitinq keçirmək istəyirlər və gördük ki, bu, niyə olmaz. Sağ olsunlar, özləri əziyyət çəkib, göstərdilər.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Piket   AXCP  





Xəbər lenti