Paşinyan polis rəisi və MTX direktoru axtarışındadır

    Paşinyan polis rəisi və MTX direktoru axtarışındadır
  09 Oktyabr 2019    Oxunub:2306
Ermənistan hakimiyyəti polis rəisi və Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifələrinə namizəd axtarışındadır.
Azvision.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, hələ də bu vəzifələrə uyğun namizəd tapılmır.

"Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasının bu günlərdə keçirilən qapalı iclasında polis rəisi vəzifəsini icra edən Arman Sarkisyanın bu vəzifəyə təyin edilə biləcəyinə işarə edilib. MTX-nin direktoru vəzifəsinin müvəqqəti icraçısı haqqında isə belə deyilib: “Əgər özünü doğruldarsa, qalacaq, əksinə olsa dəyişəcəyik”, - deyə qəzet yazıb.

Yeri gəlmişkən, MTX direktoru vəzifəsini icra edən Eduard Martirosyana keçmiş direktor Artur Vanetsyanın əleyhinə materiallar toplamaq barədə göstəriş verilib.

Xatırladaq ki, Artur Vanetsyan sentyabrın 16-da istefa verib. Onun istefa bəyanatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilsə də, sonra silinib. Vanetsyan bəyanatında Paşinyana xitabən: “Mən hökuməti ayıltmaq üçün istefa verirəm” və “Dayan!” ifadələri yer alıb.

Nikol Paşinyan Vanetsyanı ciddi tənqid edərək onun davranışının zabit paqonlarını zibil qutusuna atmaq kimi dəyərləndirib.

Sentyabrın 19-da Ermənistan prezidenti MTX direktorunun birinci müavini Eduard Martirosyanın strukturun müvəqqəti rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bundan əlavə, Ermənistan polisinin rəisi Valeri Osipyan sentyabrın 18-də istefaya gedib. Osipyan istefa ərizəsini Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra yazıb. Daha sonra Paşinyan Osipyanı özünün baş müşaviri təyin edib, amma dünən sabiq polis rəisi bu vəzifədən də azad edilib

P.Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti