Üzeyirin təhlükəli yeşiyi və İlqar Məmmədov üçün daha 5 mahnı – Musiqili Videoköşə

    Üzeyirin təhlükəli yeşiyi və İlqar Məmmədov üçün daha 5 mahnı –    Musiqili Videoköşə
  10 Oktyabr 2019    Oxunub:17562
Real Partiyasının sədri İlqar Məmmədovun “müğənni” deyə bimədiyim Üzeyir Mehdizadəni tərifləyib, göylərə qaldırması həm gözlənilməz oldu, həm də olmadı. Gözlənilməz olmadı, çünki İlqar Məmmədov şit və yersiz yumoru ilə artıq özü haqqında müəyyən bir qeyri-ciddi obraz yaratmağa macal tapıb. Gözlənilməz oldu, çünki rusdilli və ən azı, taxdığı eynəyə görə intellektual təsiri bağışlayan birinin ölkədə kakafoniya simvolu kimi qəbul edilən Üzeyiri tərifləməsi hər halda, əcaib idi.
Lap tutaq ki, adam heç intellektual deyil, sadəcə, özünü elə göstərməyə çalışır. Amma ən azından, taxdığı eynəkdən ayıbdır axı...

Real sədrinin dediyinə görə, məsələ onun zövqündə deyil, sadəcə, Üzeyir kimi istedadlı sənət adamının youtube-da 100 milyon baxış toplaması Azərbaycanın mədəni sferasının genişlənməsi deməkdir. Əstağfurullah!.. Xatırladaq ki, söhbət bu mahnıdan gedir (Mahnılar üçün materialın video versiyasına baxın ).



Mənim Üzeyir “yaradıcılığı” ilə ilk tanışlığım haradasa 6-7 il əvvəl olmuşdu. Və dəhşətə gəlmişdim. Aradan keçən 6-7 ildə dəfələrlə istəmişəm ki, Üzeyiri də, onu bu qədər dinləyənləri, disklərini alanları, mahnılarını internetdən endirənləri, toylara, konsertlərə aparanları da tənqid edim, amma heç vaxt alınmayıb. Çünki Üzeyir o qədər aşağıdadır ki, heç bir tənqidlə qazıb, onun olduğu dərinliyə enmək mümkün deyil. Təsəvvür edin, incəsənət bir okeandır, siz ən güclü tənqidlə maksimum onun dibində olanları təsvir edə bilərsiniz, amma Üzeyir okeanın dibindən də, hətta Yer qabığından da aşağıda, haradasa mantiyanın içindədir. Əminəm ki, indi də, bundan sonra da heç kim onu adekvat tənqid etməyi bacarmayacaq, çünki o, heç bir tənqidin enə bilməyəcəyi dərinlikdədir.

Bir var pis müğənni, bir var çox pis, bir də var dəhşətli dərəcədə pis, amma hər halda, müğənni. Üzeyir bunların heç birinə aid edilə bilməz. Çünki əvvəla o, müğənni deyil. Müğənni – hər şeydən öncə, gözəl vokal imkanı olan insan deməkdir, Üzeyir isə audioredaktə proqramlarında “plug-in”lərlə korreksiya edilmiş robot səsinə bənzər əcaib bir səs çıxarır. İnstagrama şəkil qoyan qızlar onu müxtəlif filtrlərdən keçirdikləri kimi, Üzeyir də səsinə effektlər tətbiq edir. Əgər müğənnidirsə, dövrünü haradasa iki əsr qabaqlayıb – o, kiborqların mahnı oxuyacaqları 23-cü əsrin müğənnisidir, səhvən 21-ci əsrə düşüb. Əgər öz zamanında doğulsa, bəlkə də robot Sofiyanın kötükcəsi ilə duet də oxuya bilərdi. Amma təəssüf ki, hazırda “müğənni” deyəndə biz heç olmasa bir oktavalıq vokal imkanı olan, cəhənnəmə, ən bəd başına, səs telləri barı bir neçə notu götürə bilən insan nəzərdə tuturuq. Məhz insan, “plug-in” yox.

İkincisi, onun oxuduqları da mahnı deyil, mərsiyə elementlərinin hansısa naməlum janrların melodiya və ritmlərilə eyni tasda yoğrulması nəticəsində ortaya çıxan postnaməlum bir kvazijanrdır. Belə bir şey yoxdur. Yəni fiziki olaraq var, amma nəzəri olaraq heç bir məntiqə, əndazəyə sığmadığı üçün, yoxdur. Olmayan şeyi necə tənqid edəsən?!

Qısası, Azərbaycan musiqisində, mədəniyyətində “Üzeyir Mehdizadə” adlı adam mövcud deyil. Adətən, onu tənqid edəndə mütləq sol tərəfdən biri çıxıb, deyir: “Üzeyir çox yaxşı oğlandır – qanacaqlı, qabiliyyətli, səxavətli, mədəni...” Heç dəxli var?! Başqa biri isə sağdan çıxıb, iddia edir ki, Üzeyir Azərbaycanı xaricdə hamıdan yaxşı təbliğ edir. Bəli, Üzeyir doğrudan da, edir - Bu, faktdır; amma nə etdiyi mübahisəlidir: təbliğ, yoxsa biabır?!

Fəqət “Real” partiyasının sədrinə görə, bütün bunlar önəmli deyil, əsas odur ki, o, 100 milyon baxış toplayıb. Və 100 milyon baxış toplayan meymunlar öz növlərini dünyaya tanıtdıqları kimi, Üzeyir də bizi tanıdır. Əgər məqsəd nəyin hesabına olursa-olsun, tanınmaqdırsa, güclü arqumentdir.

Fəqət bu halda, gəlin, Üzeyirin yolunu davam etdirən başqa müğənnilərə qarşı da haqsızlıq etməyək. Düzdür, onların hələ ki, “youtube”da 100 milyon baxışları yoxdur, amma yeri gələndə, heç 1-2-3-4-5 milyon da az rəqəm deyil. Bütün “Tic-Toc” onların yüksək sənət ifrazatları ilə titrəyir. Əgər Üzeyir Azərbaycan musiqisini dünyaya yayırsa, onlar da yayırlar. Təklif edirəm ki, İlqar Məmmədov onlara da qulaq assın.

Məsələn, “Kazbekə şey basım, zırranım” oxuyan Vüqar Sədanın nəyi pisdir ki?! Və yaxud, götürək böyük sənətkarımız İlkin Çərkəzoğlunu. Onun “Ot duşi ley-pey, bomba kayfda” adlı mahnısı youtube-da artıq 4 milyonu keçib.
Üzeyir məktəbindən danışırıqsa, kvazijanrın böyük korifeyi, İlqar Məmmədovun 50%-lik adaşı Samir İlqarlını unutmaq böyük qəbahət olardı. O da Üzeyir kimi, plug-in vergisi olan səsilə bir çox unikal şedevrlərə imza ataraq, musiqi həvəskarlarını dəfələrlə xoşbəxt edib. “Gözlə, sonra zəng vuraram, mənim balam, mənim balam” onlardan ancaq biridir.
Hazırda youtube-da 5 milyonu keçən və sürətlə 6 milyona yaxınlaşan bir musiqi əsərini də xatırlatmasaq, meyxanaçılar demişkən, xiridar bizi bağışlamaz. Kənan Mehrabzadə və Orxan Əhmədzadə dueti: “Sevgi yoxdur, inanmıram, yalandır, abi”.

Bax, abi, əgər biz Üzeyir Mehdizadəni müğənni, yaxud icəsənət adamı saysaq, onda bunların da hamısının incəsənət olduğunu qəbul etməliyik. Bu mənada, Üzeyir bir Pandora yeşiyidir. Ona qulaq asmaq olar, nə gizlədim, bir neçə mahnısını hətta mən də dinləmişəm. Amma heç bir halda qəbul edib, legitimləşdirmək olmaz. Bu, Plutonun statusu kimi bir şeydir: Ya qəbul edilməli idi ki, Pluton planet deyil, ya da, əks halda planetlərin sayı kəskin artmalı idi. Üzeyiri də ya qəbul etməliyik ki, müğənni deyil, ya da onun kimilərin kütləvi şəkildə mədəniyyətimizi zorlamaları üçün qapıları açmalıyıq.

Vüsal Məmmədov

Azvision.az



Teqlər: İlqarMəmmədov   ÜzeyirMehdizadə  





Xəbər lenti