Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə!

Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə!
  10 Oktyabr 2019    Oxunub:3032
Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 12-də ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahan saat 10:00-da Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün namizədlər imtahana 1 saat əvvəl gəlməlidirlər. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq.

Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb.

İmtahana hazırlıqla bağlı "Yaddaş kitabçası", habelə test imtahanında kompüterdən istifadəyə dair Təlimat Ədliyyə Nazirliyinin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdirilib, həmçinin bu sənədlər nazirliyə və regional ədliyyə idarələrinə müraciət edənlərə təqdim olunur.

Qeyd edək ki, imtahan 3 saat davam edir və nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunur: 80 suаl namizədin qanunvericilik sahəsi üzrə biliyini yoxlayır; 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edir. Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavabların sayı düz cavabların nəticəsinə təsir göstərmir.

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti