Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi rekord həddə çatıb
  11 Oktyabr 2019    Oxunub:2719
Son beş ildə Meksika ilə Azərbaycan arasında əməkdaşlığın ticarət, turizm, idman, təhsil, mədəniyyət, hüquqi baza və digər sahələrdə dinamik inkişafı müşahidə olunub.
Azvision.az xəbər verir ki, bu barədə Meksikanın Bakıdakı səfirliyinin diplomatik korpusun fəaliyyətə başlamasının beşinci ildönümü münasibətilə yaydığı açıqlamada bildirilib.

Məlumatda vurğulanıb ki, bu inkişaf əldə olunan vacib nailiyyətləri qiymətləndirməyə, eyni zamanda gələcək perspektivlərə yönəlməyi imkan verir.

“Həmin müddətdə coğrafi məsafə və dil baryeri kimi maneələr əməkdaşlıq və qarşılıqlı tanıtım vasitəsilə aradan götürüldü. Bu isə bizi yaxınlaşdıran və perspektivli gələcəyi vəd edən müxtəlif sahələrdəki oxşarlıq və tamamlayıcıları kəşf etməyə imkan verdi.

Səfirliyin açılması, ikitərəfli görüşlər, səfərlər ticarət dövriyyəsinin artımına da töhfə verib. Belə ki, 1995-2014 illərdə ərzində ikitərəfli ticarətin illik orta səviyyəsi 2 milyon dollardan bir qədər artıq idisə, 2018-ci ildə həmin göstərici 26 milyon dollardan çox. 2019-cu ilin ilk yarısında isə rekord rəqəm – 36 milyon dollara çatıb. Yalnız 2018-ci ildə Meksikadan Azərbaycana ixcarın həcmi 35%-dən çox, Azərbaycandan Meksikaya isə 12%-dən çox artıb.

Bu gün Meksika məhsulları ölkənin yalnız istehlak bazarında deyil, neft-qaz sahəsi və digər sənaye bölmələri kimi digər sahələrdə də yer alır. Bu xüsusda qeyd etmək lazımdır ki, Meksika 2019-cu ildə beş milyon avtomobilin istehsalını nəzərdə tutur, bu isə Azərbaycanda Meksika istehsalı nəqliyyat vasitələrinin sayının artmaqda davam etməsini göstərir (2016-ci ildə yalnız beş nəqliyyat vasitəsi gətirilirdisə, 2019-cu ildə bu rəqəmin 900 ədədi keçəcəyi ehtimal olunur)”, deyə səfirlik bəyan edib.

Azərbaycanla Meksika arasında turizm sahəsində də artım müşahidə olunur. Belə ki, yalnız 2018-ci ildə Meksikaya gedən azərbaycanlı turistlərin sayı 19%, Azərbaycana gələn meksikalı ziyarətçilərinin sayı isə 9% artıb:

“Aydın məsələdir ki, ikitərəfli münasibətlər və əlaqələrin inkişafı qarşılıqlı tanıtım və yaxınlaşma olmadan mümkünsüzdür. Bu xüsusda, mədəniyyət xalqların bir-birini tanıması və anlaması üçün ən yaxşı körpülərdən biridir. Məhz buna görə, səfirlik mədəniyyətin təşviqinə xüsusi əhəmiyyət verir. Bu, Meksikanı həm Bakı şəhərində, həm də regionlarda Azərbaycanın mədəni sahəsində iştirak edən ən fəal ölkələrdən biri adlandırmağa imkan verən mədəni tədbirlərin dinamikasında əks olunur. İndi Azərbaycanın paytaxt və rayon sakinləri Meksikanın adətləri və mədəniyyəti, mətbəx, incəsənət, rəssamlıq, rəqs və musiqisində əks olunan dəyərlərinə daha yaxındırlar.

Parlament diplomatiyası, ələlxüsus hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyəti, həmçinin iki dövlət arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə verib. 2017-ci ildə təhsil, elm, gənclər, mədəniyyət və idman sahələri üzrə əməkdaşlıq haqqında hökümətlərarası sazişin imzalanması ilə hüquqi baza daha da gücləndiriib. Meksika və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi ikitərəfli əməkdaşlığın nəticələrini nəzərdən keçirmək və gələcək perspektivlərə toxunmağa imkan yaratdı. Yaxın zamanlarda mexanizmin növbəti sessiyası keçirilməlidir.

Bu gün, Meksika və Azərbaycan artıq daha yaxındırlar. Bu, münasibətlərin möhkəmlənməsi prosesində irəliləməyə, gələcəyi işıqlandırmağa və hər iki xalqın rifahını təşviq etməyə imkan verən və əməkdaşlığa təkan verən qarşılıqlı iradə və təşəbbüsün nəticəsidir”.

P.Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti