Bir sıra qanun layihələri müzakirəyə çıxarıldı
Bildirilib ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliklər övladlığagötürmə sahəsində idarəetmə mexanizmlərini, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini, bu prosesdə şəffaflığın təmin edilməsini, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məsələlərini əhatə edir.
Mövcud qanunvericiliyə əsasən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı. Yeni yanaşma isə təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə, övladlığa uşaq götürmək istəyən şəxslərin həyat şəraitinin, uşaqla ailənin uyğunlaşmasının müəyyən edilməsinə tam imkan verəcək.
Sənədlərdə aparılan dəyişikliklərin əhəmiyyətini vurğulayan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təklif olunan əlavə və dəyişikliklərin övladlığa götürmə sahəsində şəffaflığın təmin olunması, məsuliyyətliliyin artırılması və idarəetmənin təkmilləşdirilməsinə xidmət edəcəyini söyləyib.
Deputatlar Tahir Kərimli, Sədaqət Vəliyeva, Sahibə Qafarova, Çingiz Qənizadə, Elşən Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Təhsil Nazirliyinin idarə rəisi Məlahət Hacıyeva, Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ailə, qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin nümayəndələri sənədlə bağlı fikirlərini bildiriblər, qanun layihəsinin övladlığa uşaq götürmə sahəsində mövcud olan boşluqlarn aradan qaldırılması üçün təkmil bir şəkildə işləndiyini qeyd ediblər.
Müzakirə olunan qanun layihələrinin baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.
Azvision.az
Teqlər: