“Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? – TƏHLİL

   “Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? –    TƏHLİL
  14 Oktyabr 2019    Oxunub:3735
Ukrayna prezidenti Vladimir Zelenski “Ştaynmayer formulu”na razılıq verəndən sonra Kiyevin mərkəzi meydanında 10 minə yaxın etirazçı bu qərara qarşı çıxdı. Onlar bu addımı Ukraynanın məğlubiyyəti kimi qiymətləndirdilər.
Aralarında keçmiş prezident Pyotr Poroşenkonun da olduğu mitinqdə etirazçılar “Kapitulyasiyaya yox”, “Zemokratiya, rədd ol”, “Nökər, çıx - Xalq gəlib” kimi şüarlar səsləndiriblər. Kiyevdən başqa Ukraynanın daha 10 şəhərində bu tip aksiyalar keçirilib. Etiraz aksiyalarına Ukraynanın demək olar ki, bütün müxalif partiyaları qoşulub.

Qeyd edək ki, oktyabrın 1-də Ukrayna prezidenti Vladimir Zelenski keçirdiyi mətbuat konfransında Donbas münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin iştirakçıları ilə “Ştaynmayer formulu”na razılıq verdiklərini açıqlamışdı. Almaniyanın keçmiş xarici işlər naziri və hazırki prezidenti Frank Valter Ştaynmayer tərəfindən irəli sürülmüş “Ştaynmayer formulu” mərhələli şəkildə Donbas münaqişəsinin tənzimlənməsini nəzərdə tutan tədbirlər planıdır və ilkin mərhələdə Donetsk və Luqansk əyalətlərinə xüsusi statusun verilməsi nəzərdə tutulur. Zelenskinin bildirdiyinə görə, xüsusi statusla bağlı bu ilin sonunadək qanunvericilik aktı hazırlanacaq.

Hələ 2015-ci ilin fevral ayında münaqişənin tənzimlənməsi ilə bağlı Fransa, Almaniya, Rusiya və Ukraynanın liderlərinin bir gün davam edən danışıqlarından sonra Donbasda münaqişənin nizamlanması üçün “Minsk razılaşmalarının icrası üzrə kompleks tədbirlər” planı qəbul olundu. Həmin sənədə əsasən, Ukrayna konstitusiya islahatı keçirməli və Donbasdakı bəzi ərazilərin xüsusi statusunu tanımalı idi. Rusiya və onun nəzarətində olan qüvvələr isə Ukraynanın Rusiya ilə sərhəddi üzərindəki nəzarəti Kiyevə təhvil verməli idilər. Lakin planın icrası üzrə konkret mexanizmlərin mövcud olmaması ciddi mübahisələrə səbəb oldu.

Nəticədə regionda sülhün bərqərar edilməsi mümkün olmadı. Halbuki, həmin razılaşmaya əsasən 2015-ci ilin sonuna kimi məsələ öz həllini tapmalı idi. Məhz bu səbəbdən Almaniyanın xarici işlər naziri Ştaynmayer öz kompromis variantını irəli sürdü. Təklif ondan ibarət idi ki, xüsusi status haqqında qanun müvəqqəti qüvvəyə minir və qondarma Donetsk və Luqansk Respublikalarında ATƏT-in müşaiyətilə Ukrayna qanunvericiliyinə əsasən seçkilər keçirilir. Əgər ATƏT seçkilərin tam şəffaf və qanunvericiliyə uyğun olduğunu bəyan etsə, xüsusi status haqqında qanun həmişəlik qüvvəyə minir, hərbi əməliyyatlarda iştirak edənlərlə bağlı amnistiya elan olunur və Rusiya-Ukrayna sərhəd zonası Kiyevin nəzarətinə qaytarılır.

İlkin mərhələdə Ukrayna tərəfi bu təkliflə razılaşmırdı. Kiyev tələb edirdi ki, seçki keçirilməmişdən əvvəl Donbas ərazisindən bütün xarici dövlətlərin hərbi qüvvələri çıxarılsın, atəşkəs tam təmin olunsun, Rusiya-Ukrayna sərhəd zonası üzərində nəzarət Kiyevə qaytarılsın və Ukrayna Mərkəzi Seçki Komissiyasının bu ərazidə işi təmin olunsun. Lakin Rusiya Ukraynanın bu tələbləri ilə razılaşmadı və məhz bu səbəbdən dövlət başçılarının “normand formatı”nda görüşü baş tutmadı. Rusiya tərəfi Ukraynanın “Ştaynmayer formulu”na razılıq verəcəyi təqdirdə “normand formatı”nda görüşə qatılacağını bildirdi. Kiyevin “Ştaynmayer formulu”na razılıq verməsi onu deməyə əsas verir ki, yaxın vaxtlarda Putinlə Zelenskinin görüşü baş tutacaq.

Ukraynanın formal olaraq ərazi bütövlüyünü təmin edəcək bu plana Kiyevin uzun müddətdir skeptik yanaşması başa düşüləndir. Birincisi separatçı qüvvələrin nəzarətində olan ərazilərdə keçiriləcək seçkilərdə rusiyayönümlü siyasətçilərin qalib gələcəyi şübhəsizdir. Digər tərəfdən, bu ərazilərə xüsusi statusun verilməsi və seçkilərin Kiyev tərəfindən tanınması gələcəkdə tanınmamış respublikalar üçün müstəqillik iddiası ilə çıxış etmələrinə əsas yaradır. Ukraynanın sürətlə qərbləşməsi bu prosesin qarşısını almaq üçün mövcud “qeyri-rəsmi” təsir vasitələrini Kiyevin əlindən alır. Belə olan halda, Donetsk və Luqansk tanınmamış respublikaları gələcəkdə referendum yoluyla müstəqillik tələb edə bilərlər və Kiyev bu prosesə mane olmaq üçün güc faktorundan istifadə edə bilməyəcək. Rusiya isə öz növbəsində məhz bu faktordan faydalanaraq, Ukrayna siyasətinə təsir göstərmək imkanı əldə edəcək. Bundan əlavə, Rusiya Avropa ölkələrinin sanksiyalarından qurtulacaq. Çünki Minsk razılaşmalarının icrası bunu tələb edir.

Zelenskinin bu plana razılıq verməsinin əsas səbəbi, təbii ki, ilk növbədə nəyin bahasına olursa-olsun, sülh əldə etməkdir. O, prezident seçkisi ərəfəsində münaqişəni qısa zamanda həll edəcəyinə söz vermişdi. Digər tərəfdən, münaqişənin həllində maraqlı olan Avropa ölkələrinin də etimadını qazanmaq Zelenski üçün hazırda prioritet məsələlər sırasındadır. Amerika prezidenti Donald Trampla telefon danışığı zamanı Avropa liderlərindən gileylənən Zelenski bu yolla itiririlmiş etibarı qazanmağa ümid edir.

Tofiq Vahid
Azvision.az



Teqlər: ŞtaynmayerFormulu   Ukrayna  





Xəbər lenti