AMEA-da yeni Elmi Araşdırma Mərkəzi yaradılır

  16 Oktyabr 2019    Oxunub : 887
AMEA-da yeni Elmi Araşdırma Mərkəzi yaradılır
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında müzakirə edilən məsələlərdən biri Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması olub.
Azvision.az -ın məlumatına görə, mövzu ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, son illər dünyada mövqeyi daha da möhkəmlənməkdə, nüfuzlu beynəlxalq qurumlar və dövlətlərlə əməkdaşlıq əlaqələri genişlənməkdə olan Azərbaycanın dövlət müstəqilliyini əldə etdikdən sonra beynəlxalq səviyyədə dəstəklədiyi ən mühüm təşəbbüslərdən biri tarixi İpək Yolunun bərpası layihəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş “TRASEKA – Tarixi İpək Yolunun bərpası” beynəlxalq konfransının qərarlarının bu tarixi prosesə ciddi təkan verdiyini deyən akademik onu da qeyd edib ki, ölkəmizdə həyata keçirilən önəmli infrastruktur layihələri, o cümlədən 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması, dövlət başçısının bu ilin aprelində Pekində “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı Azərbaycanın İpək Yolunun bərpası layihəsinə xüsusi önəm verməsinin göstəricisidir.

Akademik İ.Həbibbəyli ölkəmizin İpək Yolu layihəsinin tarixi-mədəni və humanitar istiqamətlərinin inkişafında da maraqlı olduğunu, bu sahədə müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə YUNESCO ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, hazırda İpək Yolunun bərpası layihəsi ilə bağlı beynəlxalq səviyyədə yaranan yeni reallıqlar və çağırışlar, eyni zamanda dövlət səviyyəsində layihə ilə bağlı fəaliyyətin prioritetliyi bu istiqamətdə araşdırmaların məqsədyönlü koordinasiyası və yeni kompleks tədqiqatların reallaşdırılması zərurətini meydana çıxarıb.

Qeyd olunanlar nəzərə alınaraq AMEA Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb və akademik Şahin Mustafayev mərkəzin direktoru təyin edilib. İpək Yolunun tarixi və mədəni irsinin öyrənilməsi, Azərbaycanın tarixi İpək Yolu üzərində beynəlxalq ticarət əlaqələrinin və onların ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafına təsirinin araşdırılması, Azərbaycanın İpək Yolu ilə bağlı maddi və qeyri-maddi mədəni abidələrinin tədqiqi, bu irsin qorunması və təbliği üçün lazımi ekspert fəaliyyətinin göstərilməsi, İpək Yolunun keçdiyi ərazilərdə mühüm tarixi və mədəni yazılı abidələrinin tədqiqi, tərcüməsi və nəşrinin təşkili, Azərbaycanın dünya iqtisadi və ticarət sisteminə inteqrasiyası istiqamətində yeni İpək Yolunun yaratdığı imkan və çağırışların araşdırılması və proqnozlaşdırılması, İpək Yolunun tədqiqi və təbliği sahəsində AMEA-nın müxtəlif institutları və kənar təşkilatlarla fənlərarası elmi-araşdırma və tətbiqi xarakterli layihələrin həyata keçirilməsi kimi məsələlər mərkəzin əsas elmi prioritetləri olaraq müəyyən edilib. Bundan əlavə, mərkəzin Məsləhət Şurasının yaradılması, Əsasnaməsinin hazırlanaraq AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi və digər məsələlər qərara alınıb.

Azvision.az

Teqlər: AMEA