120 saatlıq anlaşma: Ərdoğan niyə “taym-out” götürdü? - ŞƏRH

  120 saatlıq anlaşma:  Ərdoğan niyə “taym-out” götürdü? -  ŞƏRH
  19 Oktyabr 2019    Oxunub:4711
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında keçirilən 4 saat 20 dəqiqəlik qapalı görüşdən sonra rəsmi Ankara Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatını müvəqqəti dayandırmaq qərarına gəlib.
Tərəflər arasında əldə olunan razılığa əsasən, PKK/YPG terror qruplaşmaları 120 saat ərzində bölgəni tərk etməlidir.

Bəs terror ünsürləri razılaşmaya əməl edəcəkmi və proseslərin inkişaf istiqamətləri necə ola bilər?

Politoloq Sahil İskəndərov Azvision.az -a bildirib ki, bu razılaşmaya bir neçə dövlətin çoxtərəfli maraqlar kontekstindən baxmaq lazımdır:

“Əgər ABŞ buna gedirsə, o deməkdir ki, Vaşinqtonun əvvəlcədən Ankara ilə hansısa razılaşması olub. Bu isə ABŞ-ın müəyyən mənada güzəştlərə getməsi deməkdir. Təəccüblü deyil ki, senatorlardan biri bəyan edib ki, Ərdoğan heç bir güzəştə getmədi, amma Trampdan istədiyini aldı. Yəni Tramp Ərdoğanın istədiyini verdi. Ancaq düşünmürəm ki, bu məsələ belədir. Yəqin, əməliyyatlara başlamadan öncə Ankara özü üçün hansı xəttə qədər gedəcəyini müəyyənləşdirmişdi".



Politoloq qeyd edib ki, Pens və Ərdoğanın razılaşması ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirilir: “Maykl Pens deyir ki, əməliyyat birdəfəklik dayandırılır. Amma Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirir ki, əməliyyatlar 120 saatlıq dayandırılıb. Bundan sonra hadisələrin hansı kontekstdə gedəcəyinə baxacaqlar. Bunun özü də düşündürücü məqamdır”.

S.İskəndərov hesab edir ki, "Barış Pınarı" əməliyyatı qaldığı yerdən davam etdirilə bilər: “Ola bilsin, hərbi əməliyyatlar yenidən qızışsın. Bunun özü oyunun yeni səhifəsi ola bilər. Düşünürəm ki, əksini iddia etmələrinə baxmayaraq, ABŞ kürdləri dəstəkləməkdən əl çəkməyəcək. Sadəcə bir qədər vaxt qazanırlar ki, müəyyən üsyançı kürd dəstələrini bölgədən çıxarsınlar. Bir növ onların təhlükəsizliyini təmin etsinlər. Türkiyəyə vaxt bunun üçün verilib və Ərdoğan bununla razılaşıb. Amma həmin üsyankar qüvvələr müqavimətlərini davam etdirsələr, Türkiyə yenidən hərbi əməliyyatlara başlayacaq”.




Politoloq qeyd edib ki, maraqlı məqamlardan biri ABŞ-ın İŞİD ilə kənardan necə mübarizə aparacağıdır: “ABŞ bəyan edib ki, bölgədə Türkiyənin təhlükəsizlik yaratmasına razıdır, amma kənardan İŞİD-lə mübarizə aparacaq. Bu bəyanatın özü çox maraqlıdır ki, necə mübarizə aparacaq? İstisna deyil ki, həmin xilas etdikləri kürdlər İŞİD-lə mübarizə adı altında yenidən silahlandırılacaqlar. Türkiyə nə üçün buna gedir? Ərdoğan yaxşı bilir ki, ABŞ-la toqquşmaya getmək olmaz. ABŞ-ın tətbiq etdiyi sanksiyalar hələki yüngüldür. Praktiki olaraq Türkiyə iqtisadiyyatına toxunmur. Pens-Ərdoğan görüşündə isə ABŞ sanksiyaları genişləndirməmək öhdəliyi götürüb. Düşünürəm ki, hər iki tərəf “taym-out” (Time-out) götürüb”.

S.İskəndərovun fikrincə, proseslərin inkişafı Rusiyanın da xeyrinədir: “Rusiya Türkiyənin həmin ərazidə köklü şəkildə möhkəmlənməsini istəmirdi. Belə qənaətdəyəm ki, Ankara kənar aktorların hamısı ilə razılığa gəlib. Hətta Dəməşqlə də razılıq əldə olunub. Pərdəarxası məqamlarda Türkiyənin hara qədər gedə biləcəyi xətt çəkilib. Düşünürəm ki, bu razılaşma ilə həmin xətt müəyyənləşdirilməyib, ehtimal edirəm ki, Türkiyə bir qədər də irəli gedəcək. Amma son nəticədə Bəşər Əsədə imkan yaradacaq ki, Dəməşqin nəzarətindən kənardakı digər bölgələrə nəzarəti bərpa etsin. Bu işdə onun birmənalı yardımçısı Rusiya olacaq”.



Politoloq hesab edir ki, Vaşinqton-Ankara-Moskva-Dəməşq dördbucağında məsələlər müəyyənləşdirilib: “Burada cığallıq edə biləcək ölkələrdən biri İran ola bilərdi. Düşünürəm ki, ABŞ və Rusiya istəmirdilər ki, İran prosesdə iştirak etsin. Çünki əsas məqsəd İranın orada iştirakını, nüfuzunu zəiflətmək idi. İran Rusiya ilə müttəfiq kimi görünsə də, geosiyasi nüfuz amili önə çıxır. Bu kontekstdə qurban verilən İranın geosiyasi nüfuzudur. Amma bu heç də o demək deyil ki, hərbi əməliyyatlar yenidən başlaya bilməz. İndi əsas məsələ ABŞ-ın gerçək məqsədinin üzə çıxmasıdır. Yəni ABŞ Türkiyəyə öz səmimiyyətini sübut edə biləcək, ya yox? Əsas məqam budur”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: ABŞ   Türkiyə   Rusiya   İran   Suriya   Barış-Pınarı   Politoloq   Sahil-İskəndərov   Şərh   Vaşinqton   Dəməşq   Ankara   Moskva   Ərdoğan   Tramp   Pens  





Xəbər lenti