Beynəlxalq hesabatlarda irəliləyiş Azərbaycana yaxşı imkanlar yaradır - TƏHLİL
Bu isə o deməkdir ki, inkişaf etmiş ölkələrin sərmayədarlarında müsbət rəy verilən ölkəyə investisiya qoymaqda müvafiq maraq formalaşır və onlarda kəskin risklərlə qarşılaşmayacaqlarına xüsusi əminlik yaranır. Ona görə də nüfuzlu qurumların Azərbaycan haqqında verdikləri müsbət rəylər və hesabatlarda ölkəmizin reytinqinin yüksəlməsi bizim üçün daha çox əhəmiyyətlidir.
Təsadüfi deyil ki, dövlət başçımız da hökumətin üzvləri ilə keçirdiyi demək olar, bütün iclaslarda hər dəfə yuxarıda adlarını çəkdiyim qurumların açıqladığı rəylər və hesabatlara toxunur və istər-istəməz bu barədə də danışmalı olur. Cari ayın, yəni oktyabrın 15-də keçirilən məlum iqtisadi müşavirədə də dövlət başçısı qeyd etdi ki, “Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. "Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır",- deyə Prezident nəzərə çatdırdı.
Yeri gəlmişkən, Prezident İlham Əliyev hər il yanvarda Davos toplantısına qatılır. Həmin toplantılarda dövlət başçısı iri şirkətlərin, investisiya qurumlarının rəhbər şəxsləri ilə görüşür. Və bu görüşlərdə iri şirkətləri təşviq etmək üçün ciddi sənədlərdən biri kimi məhz DİF-in və “Doing Business” hesabatları təqdim olunur ki, dövlət başçımız bilavasitə bunlara əsaslanaraq investorları Azərbaycana sərmayə qoymağın əlverişliliyinə inandırır və hər il Azərbaycanla bağlı müsbət rəylərin verilməsinin də bu mənada ölkəmiz üçün necə yeni şanslar və əlavə imkanlar açdığı daha aşkar görünür.
Azərbaycan “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil olub. Yeni hesabatda 4 istiqamət üzrə indikatorlar yaxşılaşıb ki, bunlar qeydiyyat və nizam-intizamla bağlıdır. Hansı ki, xarici investor üçün bu amillər çox önəmli xarakter daşıyır. Dolayısı ilə Azərbaycan dövləti xarici investorun sərmayəsini qoruyacağına təminat verir. Ümumiyyətlə, son hesabatda ölkəmizin mövqeyi 5 pillə irəliləyib ki, keçən ilki hesabatda isə 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci ildən 25-ci yerə yüksəlmişdik. 2017-ci ildəki hesabatda isə 8 pillə irəliləmişdik. Bu fakt da onu göstərir ki, son illərdə Azərbaycan iqtisadiyyatında, aparılan islahatlarda dayanıqlı inkişaf əldə olunub.
Azərbaycan, həmçinin, Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində də irəliləyib. Belə ki, ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Bundan əvvəl, DIF-in "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” üzrə də, ölkəmizin mövqeyi yaxşı qiymətləndirilmişdi. Bu haqda yazdığım şərhdə qeyd etmişdim ki, DİF-in növbəti hesabatının tamamilə yeni metodologiya əsasında hazırlanaraq təqdim ediləcəyi bildiriləndə çoxları Azərbaycanın bir çox göstəricilər üzrə ardıcıl olaraq yaxşı nəticələr göstərə biləcəyinin çətin olacağını bəyan etmişdilər.
Amma qeyd etdiyim kimi, Azərbaycan Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində bu dəfə də 11 pillə irəliləmiş və “bazarın miqyası” istisna olmaqla “əmək bazarı”, “biznesin dinamikliyi”, “ərzaq bazarı”, “infrastruktur”, “bacarıqlar”, “ictimai institutlar”, “bazarın miqyası”, “innovativ potensial” kimi indekslər ötən ilə nisbətən, buna əsas səbəb olub.
Sözün qısası, bütün bunlar ölkədə investisiya artımının yaxın illərdə daha da yüksək təşkil edəcəyinə zəmanət verir. Ölkədə 2003-cü ildən bəri ümümdaxili məhsul 3.3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5%-ə, işsizlik 4.9%-ə enib, ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb.
2019-cu ilin yanvar-sentyabr aylarında isə Azərbaycanda 58 464,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ÜDM istehsal edilib. İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 1,1% artıb. Belə ki, tikinti sektoru istisna olmaq şərtilə, iqtisadiyyatın bütün sahələrində istehsalda artım müşahidə olunur.
Bəzən belə düşünülür ki, neftin dünya bazar qiymətləri yaxşı həddə olanda, Azərbaycanın ixrac etdiyi əsas məhsul növü olan xam neftdən qazancı və dövlət gəlirləri buna müvafiq olaraq yüksək olanda "Fitch Ratings" və “Moody’s” reytinq agentlikləri də, DIF, “Doing Business” və digərləri də rəylərini və hesabatlarını yaxşılaşdırırlar. Amma belə deyil.
2017-ci il ölkəmizdə iqtisadiyyatda sabitlik ili idi. O mənada ki, bundan əvvəlki 2 il ərzində neftin dünya bazar qiymətləri ilə əlaqədar, iqtisadi cəhətdən tənəzzül yaranmışdı. Və ölkə iqtisadiyyatı birdən-birə xeyli geriləmişdi. Az qala, hətta, makroiqtisadi sabitlik belə, əldə getmək təhlükəsiylə üzləşmişdi. Demək istədiyim budur ki, sabitlik yaranan ildə də “Doing Business” hesabatı üzrə 8 pillə irəliləyiş özü sözsüz ki, mühüm hadisə idi.
Pərviz Heydərov
Azvision.az üçün