Bakıda “İtalyan dili həftəsi” keçirilir
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin mədəniyyət və diplomatik şəbəkəsinin hər il təşkil etdiyi tədbir 21-27 oktyabr tarixlərini əhatə edir. Məqsəd italyan dilini klassik və müasir mədəniyyətin nəhəng dili olaraq təşviq etməkdir.
Həftə ərzində bu çərçivədə konfranslar, sərgilər və tamaşalar, yazıçılar və görkəmli şəxsiyyətlərlə görüşlərin təşkili həyata keçirilir. İtaliya Prezidentinin himayədarlığı altında 2001-ci ildə başladılan bu təşəbbüs ildən-ilə daha da inkişaf edib.
Həftə çərçivəsində oktyabrın 24-də Azərbaycan Dövlət Rus Dram Teatrında "Pinocchio burnunun izi ilə" tamaşası təqdim ediləcək. İtaliyanın "CompagniaBella" teatr şirkəti və aktrisa Paola Kontininin rəhbərliyi ilə baş tutacaq tamaşada Bakının Yasamal rayonu, 158 saylı məktəbin şagirdləri iştirak edəcəklər.
158 nömrəli məktəbi ilə səfirlik arasında əməkdaşlıq bu il Azərbaycan hökumətinin təşkil etdiyi Avropa Gənclər Olimpiya Festivalı zamanı yaranıb. 2019-cu ilin sentyabr ayından etibarən Bakının 158 nömrəli məktəbinin şagirdləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin maliyyələşdirdiyi italyan dilinin tədrisi layihəsinə cəlb ediliblər. Bu layihə Azərbaycan Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi və əməkdaşlığı sayəsində başladılıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İtaliya Səfirlik Tədbir