Paşinyanla Əliyevin fərqi: Ermənilər anladıqca qorxuya düşürlər

   Paşinyanla Əliyevin fərqi:    Ermənilər anladıqca qorxuya düşürlər
  24 Oktyabr 2019    Oxunub:4750
Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin avqust ayında Xankəndində çıxışı zamanı “Qarabağ –Ermənistandır və nöqtə” kimi populist ifadə işlətməkdə güddüyü əsas məqsədləri artıq ortaya çıxır. Birincisi, Paşinyan öz populist xəttinə sadiq qalaraq, bu yolla siyasi reytinqini yüksəltməyə can atmaqla yanaşı, Azərbaycanın ictimai rəyinə təsir göstərməyə çalışırdı. Ermənistan baş nazirinin ikinci əsas məqsədi isə Qarabağdakı kriminal rejimi öz nəzarətinə keçirmək idi.
Təsadüfi deyil ki, Paşinyan orada keçirilən qondarma seçkilərin monitorinqi üçün ölkə büdcəsindən özünə yaxın olan qeyri-hökumət təşkilatlarına maliyyə vəsaiti ayırırdı. Yəni, legitim olmayan ərazidə “legitim seçkilər” keçirmək imitasiyası yaradaraq, Dağlıq Qarabağın “rəhbərliyinə” özü kimi fiquru gətirməyə ümid edirdi. Bu yolla Rusiyanın prosesə olan təsirini azaltmağa nail olacağına sadəlövhcəsinə inanırdı. Hətta Soros fondunun bu proseslərə maliyyə yardımı ayırması barədə məlumatlar da erməni mətbu orqanlarında yer alıb.

Paşinyanın hesablamadığı əsas məqam Azərbaycan tərəfinin mümkün reaksiyası idi. Əslində ABŞ-ın keçmiş səfiri Metyu Brayzanın Paşinyanın məlum ifadəsi ilə bağlı səsləndirdiyi fikir Yerevanı şirin xülyalardan oyanmağa vadar edən ilk siqnal oldu. Brayza demişdi ki, Paşinyanın Xankəndindəki məlum bəyanatı bütün danışıqlar prosesini qeyri-mümkün edərək, dayandırır. Ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu tip bəyanatların siyasi proseslərin bərpa olunmasına imkan vermədiyini dedi. Yerevan sanki bundan sonra Paşinyanın verdiyi bəyanatın özləri üçün nə dərəcədə təhlükəli olduğunu anlamağa başladı.

Paşinyan yaranmış gərgin mühiti yumşaltmaq üçün sonradan müxtəlif izahatlar səsləndirsə də, bu izahatlar Ermənistan əleyhinə başlanmış prosesi geri döndərə bilməz. “Siyasi proses dayandırılıb və hələ ki, bu əyləcdən çıxmaq olmur”,- deyən Lavrovun naratçılığı başa düşüləndir. Çünki Sergey Lavrov 2016-cı ilin aprel hadisələrini unutmuş deyil və Azərbaycanın hücumunu dayandırmaq üçün Rusiyanın nə dərəcədə səy göstərdiyini gözəl bilir. Serj Sarkisyanın ölkədaxili siyasi reytinqinin darmadağın olması və onun baş nazir seçilməsinə qarşı xalq etirazının qalxmasına səbəb məhz aprel döyüşlərinin siyasi nəticələrindən biri idi.

Paşinyandan fərqli olaraq, prezident İlham Əliyev öz reytinqinin yüksəlməsi və qarşıduran tərəfin liderinin reytinqinə zərbə vurulması üçün populizmdən daha çox real addımlara üstünlük verir. Prezident İlham Əliyev iki ay sonra Paşinyanın məlum bəyanatına cavab verdi: “Qarabağ Azərbaycanındır və nida!” Bu bəyanatın ardınca real addımların atılacağı şübhəsizdir və Ermənistan ictimayyətində artıq narahatçılıq hiss olunmaqdadır.

Məsələn, Ermənistanın “slaq.am” saytının redaktoru Menya Arutunyan “Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə ” dedi ardınca özünə yarım milyon dollarlıq avtomobil alıb, evinin təmirinə iki milyon dollar xərclədi. Ancaq İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” dedi və bundan sonra Azərbaycanın hərbi büdcəsi 20 faiz artırıldı”deməsi erməni ictimayyətində olan narahatçılığın panik həddə çatdığını göstərir. Çünki rəqəmlərə diqqət yetirdikdə, 2020-ci ildə işğal olunmuş ərazilərdə yarana biləcək mənzərənin Ermənistan üçün vahiməli nətəcələrini verəcəyini ehtimal etmək olar.

2020-ci ildə Azərbaycanın müdafiə xərcləri 3 milyard 853 milyon təşkil edəcək ki, bu da keçən ilki 3 milyard 187 milyondan 20 faiz artıqdır. Nəzərə alınmaldır ki, bu artım prezident İlham Əliyev tərəfindən 2019-cu ilin əvvəlindən başladılan inzibati və iqtisadi islahatların sürətlə davam etdirilməsi fonunda baş verir. Danişıq prosesinin məhz Paşinyanın günahı ucbatından dondurulduğu vəziyyətdə iqtisadi qüdrəti artmış, siyasi sabitliyi təmin olunmuş Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün məhz hərbi varianta əl atacağı ehtimalı böyükdür. Çünki aparılan islahatlar Azərbaycanın hər mənada gücünü, o cümlədən, hərbi gücünü də artırır.

Bunun üçün beynəlxalq şərait də kifayət qədər münbitləşib.Suriya məsələsi göstərdi ki, regionda əsas maraqlı qüvvələr olan Rusiya ilə Türkiyə vahid mövqedən çıxış edirlər. Moskva artıq Yerevana güvənmir və Azərbaycanın mümkün hərbi müdaxiləsinə razı ola bilər. Ən azı, Paşinyanın Sarkisyanın taleyini yaşaması və Moskvanın bu yolla Ermənistanda siyasi rəhbərliyə özünə uyğun fiqur gətirməsi üçün.

Tofiq Vahid
Azvision.az



Teqlər: Paşinyan  





Xəbər lenti