Dünyanın üçüncü qütbü: Qoşulmama Hərəkatı Azərbaycana nə verir? – TƏHLİL

      Dünyanın üçüncü qütbü:    Qoşulmama Hərəkatı Azərbaycana nə verir? –    TƏHLİL
  26 Oktyabr 2019    Oxunub:7059
Qoşulmama Hərəkatının XVIII sammiti Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu yana, demək olar ki, ev sahibliyi etdiyimiz ən böyük və əhəmiyyətli beynəlxalq tədbirdir. İkigünlük sammitdə 60 ölkənin dövlət və hökumət rəhbərləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditə olunub.
BMT-dən sonra üzv ölkələrin sayına görə dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı ölkələrində dünya əhalisinin 55 faizi yaşayır. Dünya neft ehtiyatlarının 75, qaz ehtiyatlarının isə 50 faizi bu ölkələrin payına düşür. 1989-cu ildəki Belqrad Sammitindən tam 30 il sonra ilk dəfə Avropada qitəsində keçirilən sammitin məhz Bakıda baş tutması Azərbaycanın dünya ölkələri arasında artan nüfuzundan və geosiyasi anlamda təsir gücündən xəbər verir. Azərbaycan bu ildən etibarən 2022-ci ilə qədər Hərəkata sədrlik edəcək.

120 üzv dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının əsası hələ 1955-ci ildə qəbul olunmuş Bandunq Bəyamnaməsi ilə qoyulub, 1961-ci ildə isə 25 ölkənin iştirakı ilə keçirilən Belqrad konfransında qəbul olunmuş bəyannamə ilə hərəkatın fundamental prinsipləri müəyyən edilib. Qoşulmama Hərəkatının yaranma tarixi məhz 1961-ci il hesab olunur. Ümumi götürdükdə, hərəkatın tərəfdar çıxdığı prinsiplər BMT nizamnaməsində də əksini tapmış prinsiplərdir.

Bunlar - xalqların suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə hörmət; BMT Nizamnaməsinə uyğun olaraq, hər bir xalqın özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət və milli müstəqillik hərəkatının tanınması; irqlərin və xalqların bərabərliyinin tanınması; hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz etməkdən və daxili işlərinə müdaxilədən çəkinmə; BMT Nizamnaməsinə uyğun olaraq bütün münaqişələrin sülh yolu ilə həlli; insan hüquqlarına hörmət; müxtəlif xalqlar, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında qarşılıqlı hörmətin qorunması, dialoqun inkişaf etdirilməsi və tolerantlığın təşviqi; müdafiə paktlarına və ya hərbi bloklara qoşulmamaqla hər hansı güclü dövlətin maraqlarına xidmət etməkdən, dövlətlərin bir-birinə və ya ərazi bütövlüyünə qarşı təcavüzündən qaçınma, soyqırım, müharibə cinayətləri, insanlığa qarşı törədilən hər hansı zorakı əməllərin, terrorizmin bütün formalarının kəskin tənqidi; qarşılıqlı maraq və əməkdaşlığın təşviqi; ədalət və beynəlxalq öhdəliklərə hörmət kimi prinsiplərdir.

Qoşulmama hərəkatı ilkin olaraq Asiya və Afrikanın yeni müstəqillik əldə etmiş keçmiş müstəmləkə dövlətləri tərəfindən qurulub və onların əsas məqsədi yenidən imperialist dövlətlərin işğalına məruz qalmamaq, öz müstəqilliklərini qoruyub saxlamaq idi. Sonrakı mərhələdə ABŞ ilə SSRİ arasında gedən soyuq müharibədə tərəf tutmaqdan ehtiyatlanan dövlətlər Qoşulmama Hərəkatında birləşməklə özlərini bir növ sığortalamağa çalışdılar.

İnkişaf etməkdə olan dövlətlər qarşıduran ölkələrdən heç birinin siyasi-ideoloji təsirinə düşmək istəmirdilər.Təbii ki, Qoşulamama Hərəkətanın bütün üzvlərinin birmənalı şəkildə mövqesiz olduqlarını da demək doğru olmazdı. Ancaq ümumi mahiyyət bundan ibarət idi. Və Qoşulmama Hərəkatının sıralarının genişlənməsi dünya arenasında ikiqütblülüyün tam olaraq hökmranlığına imkan vermədi və faktiki üçüncü qütbün yaranmasına gətirib çıxardı.

SSRİ dağıldıqdan sonra isə yeni geosiyasi reallıqlar meydana çıxdı və Qoşulmama Hərəkatı yenə də qlobal anlamda əhəmiyyətini itirmədi, hətta əksinə daha da artırtı. Qoşulmama Hərəkatının qlobal əhəmiyyətinin artması, üzv dövlətlərin artıq bir çoxlarının inkişaf səviyyəsinin yüksəlməsi Amerikanın başçılığı ilə birqütblü geosiyasi vəziyyətin formalaşmasının qarşısını alan faktorlardandır.

Müasir dövrdə Qoşulmama Hərəkatına üzv olan ölkələr daha çox bu platformadan milli maraqları üçün müxtəlif formalarda istifadə edirlər. Buna görə Qoşulmama Hərəkatının üzvlərinin tamamilə eyni siyasi baxışları paylaşan dövlətlərin bloku adlandırmaq doğru olmaz.

Azərbaycana gəlincə, Qoşulmama Hərəkatına üzvlük ölkəmiz üçün bir neçə səbəbdən xüsusi əhəmiyyət daşıyır. Birincisi, Azərbaycanın bu quruma üzvlüyü ölkəmizin xarici siyasətinin xarakterini nümayiş etdirir. Rusiya ilə ABŞ-ın münasibətlərindəki gərginlik fonunda Azərbaycanın strateji mövqeyini nəzərə alsaq, Vaşinqtonla Moskva arasında uğurlu balansın təmin olunması ciddi şərtdir. Digər tərəfdən, Hərəkata qoşulmaqla Azərbaycanın hər hansı hərbi blokda iştirak etməkdən imtinası qonşu İranla münasibətlərin sabit saxlanılmasına xidmət edir. Amerika, yaxud İsrailin Azərbaycan ərazisindən hərbi məqsədlər üçün istifadə etmə ehtimalı İran üçün ən arzuolunmaz hallardır.

Bundan əlavə, 120 ölkənin üzv olduğu siyasi platforma Azərbaycanın lazımi anda qlobal dəstək qazanması üçün əvəzolunmaz vasitədir. Xatıramaq yerinə düşər ki, 2012 ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində Qoşulmama Hərəkatına üzvlüyümüzün böyük təsiri oldu.

Nəhayət, Qarabağ münaqişəsinin həlli baxımından Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsi ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin güclənməsi deməkdir.

Tofiq Vahid
Azvision.az



Teqlər: Qoşulmama-Hərəkatı  





Xəbər lenti