Avstriyada koalisiyalı hökumət quruldu

Avstriyada koalisiyalı hökumət quruldu
  13 Dekabr 2013    Oxunub:1198
AzVision.az xəbər verir ki, Avstriyada keçirilən parlament seçkilərindən üç ay sonra yeni hökumətin formalaşdırılmasına dair danışıqlar başa çatdı.

Parlament seçkilərində qalib gələn sol-mərkəzçi Avstriya Sosial-Demokratlar Partiyası sağ-mərkəzçi Avstriya Xalq Partiyası ilə ölkənin idarə olunmasındakı əməkdaşlığın davam etdirilməsinə və birgə hökumətin qurulmasına dair razılıq əldə etdi.

Dekabrın 12-də baş kansler Verner Faymann və vitse-kansler Mixael Şpindeleqqer birgə mətbuat konfransında imzalanan koalisiya paktının müddəalarından bəhs edərək, yeni hökumətin əsas məqsədinin Avstriyanın Avropada iqtisadi inkişaf və sosial təminat üzrə nümunəvi mövqeyini gücləndirmək olduğunu bildirib. O, qeyd edib ki, yeni hökumət ölkəni 2018-ci ilə kimi Avropaya böyük zərbə vurmuş iqtisadi və maliyyə böhranının təsirindən tam xilas etmək əzmindədir. Bunun üçün yeni iş yerlərinin açılması və iqtisadi inkişafın sürətləndirilməsi üçün planlı paktın hazırlanması, inzibati idarəçilikdə islahatların aparılması və dövlət qurumlarında izafi xərclərin azaldılması nəzərdə tutulub.

Qeyd edək ki, hər iki partiya 2008-2013-cü illərdə koalisiyalı hökumətdə təmsil olunub. Yeni hökumətin dəqiq tərkibi növbəti həftə müəyyən ediləcək və ardınca andiçmə mərasimi keçiriləcək.


Teqlər:  





Xəbər lenti