Bank sektorunun əsas “xəstəliyi”: Real iqtisadiyyata niyə kredit vermirlər? – TƏHLİL

      Bank sektorunun əsas “xəstəliyi”:    Real iqtisadiyyata niyə  kredit vermirlər? –    TƏHLİL
  05 Noyabr 2019    Oxunub:6857
Ölkənin bank sektorunda vəziyyətin normal olduğunu desəm, səhv edərəm. Yox, əgər, “2015-2016-ci illərdə dünya bazarlarında neftin ucuzlaşması səbəbindən ölkə iqtisadiyyatına dəyən zərbə nəticəsində düşdüyü vəziyyətdədir” desəm, yenə də yanılaram. Odur ki, “vəziyyət sağlam deyil” desəm, daha düzgün olar.
Bəli, bank sistemində real vəziyyət 2015-2016-ci illərdə dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən zərbədən sonra yaranmış durumda deyil. Lakin, ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sektorunu inkişaf etdirmək, bu sahədən ixracı artırmaq tələblərinə və məqsədinə də uyğun deyil. Çünki sözügedən tələbə və məqsədə cavab vermək üçün gərək, bank sektoru qeyri-neft sektorunu maliyyələşdirsin. Sektorun real vəziyyəti isə buna imkan vermir. Problem bax, məhz bundadır.

Düzdür, cari ilin statistik göstəriciləri qənaətbəxşdir. 30 sentyabr 2019-cu il tarixinə ölkədə fəaliyyət göstərən bankların cəmi aktivləri 31,363.3 milyon manat, öhdəlikləri isə 26,674.8 milyon manat təşkil edib ki, sektorun balans kapitalı 4,688.5 milyon manat olub. Sentyabr ayına sektorun aktivlərinin 44.2%-ni kredit portfeli təşkil edib ki, cari ilin ilk 9 ayı ərzində sözügedən portfel 9.8% (1.2 milyard manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,872.1 milyon manat təşkil edib. Portfelin 61.6%-ni biznes, 38.4%-i isə istehlak kreditlərindən ibarət olub. Aktivlərin 46.4%-ni xarici valyutada olan aktivlər təşkil etməklə, kredit portfelinin 34.8%-i xarici valyutada hesab olunur.

Bu rəqəmlər adi oxucu üçün aydın olsun deyə, izah edim ki, cari ilin məsələn, bank sektorunun aktivləri göstəricisi ötən ilin oktyabr ayının 1-inə görə 7,4% çoxdur. Ümumiyyətlə, son bir ildə sektorun kredit portfeli 20,8% genişlənib, kreditlərin aktivlərdəki payı isə 35,1%-dən 39,5%-ə yüksəlib. Bank aktivlərinin 12 milyon 383 min 9 yüz manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Həmçinin, 2019-cu ilin ilk 9 ayı ərzində bank sektoru 642.9 milyon manat əməliyyat mənfəəti generasiya edib ki, sektorun xalis mənfəəti isə bu zaman 522.7 milyon manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.6%, kreditlər üzrə faiz gəlirləri isə 14.4% artıb.

Sözün qısası, bank sektoru "koma"dan çıxmış durumdadır. Keçən ilin sonunda yazdığım şərhdə qeyd etmişdim ki, ölkənin bank sektoru 2019-cu ilə, yəni bu ilə "koma" vəziyyətində gedir ki, bu, neftin dünya bazar qiymətlərinin 4 il qabaq, yəni 2014-cü ilin yayından sonra düşməsi nəticəsində iqtisadiyyatda yaranan problemlər içində ən ağrılısıdır.

Bəli, bank sektorunun ən böyük dərdi olan problemli kreditlər məsələsinə dövlət bu il müdaxilə etdi. Və Prezidentin bir növ xalqa hədiyyə etməsi yolu ilə bu məsələ həllini tapdı. Halbuki, dövlət başçısı da qeyd etmişdi ki, bu, sadə məsələ deyil - dövlət çoxdan tələb olunan məbləğdə vəsaiti ayıraraq, problemi həll edə bilərdi. Sadəcə olaraq, ortada iqtisadiyyatın öz qanunları və məsuliyyət, cavabdehlik məsələləri var idi.

Xatırladım ki, problemli kreditlər bir ara bütövlükdə az qala 2 milyard manata çatırdı. Cari ildə bu məsələnin həllini tapması ilə banklar "koma" vəziyyətindən çıxdı. Bayaq qeyd etdiyim rəqəmlərdə ifadə olunan canlanma da bunun təzahürüdür. Ancaq iş bundadır ki, qeyd olunan canlanma çox davam etməyə də bilər. Yəni, banklar yuxarıda qeyd etdiyimə uyğun olaraq əgər, qeyri-neft sektorunu maliyyələşdirə bilmirlərsə və bu sahəyə kredit vermirlərsə, onda yenidən "koma"ya düşə bilərlər. Çünki bankları bu vəziyyətə elə əvvəl də istehlak kreditləri salmışdı.

Təsadüfi deyil ki, keçən ayın 15-də dövlət başçısı İlham Əliyev də yanında keçirdiyi iqtisadi müşavirədə bank sektorunun iqtisadiyyatın artımına, real sektorun inkişafına kömək göstərmədiyini və son illərdə yenə istehlak kreditlərinin həcminin artmaqda olduğunu qeyd etdi. "Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik",- deyə, Prezident vurğuladı.

Bəs, nə etməli? Bank sektorunun qeyri-neft sektorunu maliyyələşdirməsinə necə nail olmaq mümkündür? Ümumiyyətlə, banklar nədən istehlak kreditlərinə meyillidirlər?

Əvvəla, bankların likvidlik, maliyyə resursları sarıdan vəziyyətlərini yaxşı səviyyəyə gətirmək lazımdır. Mərkəzi Bankın (AMB) uçot dərəcəsini ardıcıl olaraq aşağı salmaq siyasəti təəssüf ki, buna təsir etmir. Ölkədə kommersiya banklarının maliyyə resursları sarıdan vəziyyətləri əhalinin əmanətləri ilə xarici maliyyə qurumlarından əldə edilən vəsatlərdən asılı olduğundan, qeyri-neft sferasını bank sektoru maliyyələşdirmir. Çünki bunun üçün AMB-in təklif etdiyi kredit resursları gərək, kommersiya banklarının maliyyə vəsaitlərinin ən azı 50-60%-dən çox hissəsini təşkil etsin. Bu, belədirmi? Xeyr.

İkincisi, qeyri-neft sektorunda risk səviyyəsi yüksəkdir. Belə ki, bankların qeyri-neft sektoruna tərəddüd etmədən kredit vermələri üçün müvafiq şərait olmalıdır. Risk təkcə pul vəsatləri az olduğu üçün mövcud deyil. İqtisadiyyatın bir sıra sahələrində elə risklər vardır ki, bankları biznes kreditləşdirməsinə meyl etmədiklərinə görə qınamaq olmur. Çünki real sektorda, yəni istehsalda və sairədə risk səviyyəsi ev təsərrüfatları ilə müqayisədə daha yüksəkdir. Əvvəla, sözügedən sferada cəlbedicilik aşağıdır, ikincisi isə, biznes sektoruna verilən kreditlər əhaliyə veriləndən uzunmüddətli xarakter daşıyır. Uzunmüddətli dövr üçün isə iqtisadi şəraiti proqnozlaşdırmaq çətindir. Buna görə də banklar istehlak kreditlərinə meyil edirlər.

Bankları real sektoru kreditləşdirməyə cəlb etmək üçün iqtisadiyyatda vergi siyasəti, bazarlara çıxış imkanları, rəqabət, sığorta və sair kimi amillər əlverişli zəmin formalaşdırmalıdır. Bizdə bu amillərin bir çoxu üzrə problemlər var. Onlar həllini tapmasa, real sektorun banklar tərəfindən yaxın müddətdə tələb olunan səviyyədə kreditləşdirməsinə çətin şahid olacağıq.

Sonda bir məqama da toxunmaq istərdim. Yuxarıda qeyd etdim ki, qeyri-neft sahələrinin bankların kreditləşdirməməsinin səbəbi sektorun real vəziyyətinin buna imkan verməməsidir. Lakin diqqəti ölkədə bankların təklif etdikləri kredit faizləri üzrə dərəcələrin yüksək olduğu faktına da çəkərək, xatırladıram ki, bunun özü də yeni vəziyyət deyil. Bu vəziyyət çoxdan - bank sektoru yeni təşəkkül tapdığı vaxtdan etibarən hökm sürür. Niyə? Çünki kökündə çoxlu səbəblər dayanır. Bu səbəblər sırasında risk amili də var, tələb də yüksəkdir, maliyyə çatışmazlığı problemi də mövcuddur, yüksək gəlir əldə etmək istəyi də yox deyil... Ancaq bütövlükdə, kredit faizlərinin yüksək olması da ölkə iqtisadiyyatı ilə bağlı məsələdir. Başqa sözlə desəm, insanın hər hansı xəstə orqanını bədəndən çıxarıb, kənarda müalicə etmək mümkün olmadığı kimi, banklarla əlaqəli problemləri də əlahiddə çözmək absurd istək və ideya sayılır. Odur ki, bank sektorunu tam sağlam vəziyyətə gətirmək üçün iqtisadiyyatda həyata keçirilməkdə olan islahatlar daha da sürətləndirilməli və genişlənməlidir.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Bank   İqtisadiyyat   Kredir  





Xəbər lenti