Ermənistan silah qalmaqalını gizli yolla həll etmək istəyir

Ermənistan silah qalmaqalını gizli yolla həll etmək istəyir
  05 Noyabr 2019    Oxunub:2161
Rusiyanın ORSIS şirkəti Ermənistanın Müdafiə Nazirliyindən silah tədarükü ilə bağlı tenderin pozulmasına dair məsələnin həlli üçün qeyri-rəsmi dəvətlər alıb.

Azvision.az TASS-a istinadla xəbər verir ki, bu barədə ORSİS şirkətinin nümayəndəsi deyib.
“Biz Ermənistanın Müdafiə Nazirliyindən danışıqlar masasına əyləşib, müzakirələr aparmaq üçün qeyri-rəsmi dəvətlər almışıq. Müdafiə Nazirliyinə yaxın olan bəzi şəxslərdən şirkətlə qeyri-rəsmi əlaqə qurmaq cəhdləri olub. İnanırıq ki, hazırkı vəziyyətdə bu, səhv və yolverilməzdir, dialoq rəsmi olmalıdır", - deyə şirkətdən bildirilib.

Həmçinin vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin pozulmuş tenderində iştirak edən ORSİS-in hərbi məhsulları bir neçə dəfə erməni ordusu tərəfindən sınaqdan keçirilib, yerli mütəxəssislər tərəfindən heç bir sual yaranmayıb:

“Məhsulların təyinatı ilə bağlı spekulyasiyalar tamamilə əsassızdır. Şirkətimizin təklif etdiyi məhsullar dəfələrlə Ermənistanda uğurla sınaqdan keçirilib. Sonuncu dəfə 2018-ci ilin dekabr ayında olub. Onda məhsulların ən yaxşıları nümayiş etdirilib”.

Xatırladaq ki, daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin keçirdiyi, yalnız Rusiyanın ORSİS şirkətinin qatıldığı silah tədarükü tenderinin pozulması ilə bağlı cinayət işinin başlandığına dair məlumat yayılıb.

ORSİS şirkətinin nümayəndəsinin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi mayda ilk dəfə olaraq bir neçə milyon dollarlıq hərbi texnikanın çatdırılmasına dair tender elan edib. Tələblərə yalnız Rusiya şirkəti cavab verib, lakin tender naməlum səbəblərdən baş tutmayıb.

Şirkətdən bildirilib ki, cinayət işi xidmətə səhlənkar yanaşma haqqında maddəyə əsasən açılıb. Məlumat istintaq orqanları tərəfindən təsdiqlənib və iş tamamlandıqda əlavə informasiya veriləcək.

Ermənistan Müdafiə Nazirliyi cinayət işinin açılması haqqında məlumatları təsdiq edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Silah   Qalmaqal  





Xəbər lenti