İraqda internetə giriş dayandırıldı

  05 Noyabr 2019    Oxunub : 516
İraqda internetə giriş dayandırıldı
İraqda internetə giriş tamamilə dayandırılıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, internet ölkədə hökumət əleyhinə davam edən etirazlara görə kəsilib. Əsasən paytaxt Bağdadda, mərkəzi və cənub şəhərlərində internetə giriş yasaqlanıb.

Bağdadda təhlükəsizlik qüvvələri diplomatik korpusların yerləşdiyi “Yaşıl zona” ya yaxın Ahrar körpüsünü beton maneələrlə bağlayıb. Paytaxtdakı Cümhuriyyət, Sinek körpüləri də nümayişlər səbəbiylə günlərlə bağlıdır.

Təhlükəsizlik qüvvələrinin nümayişçilərə həqiqi güllə ilə müdaxiləsi paytaxtdakı bir çox nöqtələrindən eşidilib.
İraqlılar ölkənin işsizlik, korrupsiya və dövlət xidmətlərinin aşağı səviyyədə olmasına etiraz edirlər. Oktyabrın 1-də başlayan aksiyalara oktyabrın 25-də dini mərasimlərlə bağlı ara verilmişdi. Etirazlar yenidən bərpa olunub.

Oktyabr ayının əvvəlindən bəri ölkənin müxtəlif ərazilərində 200-dən çox insan həyatını itirib, 8 minə yaxın insan yaralanıb.

BMT İraqda etirazlar başlayandan 229 nümayişçinin öldüyünü açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İraq   İnternet