"Yol vermərəm ki, kimsə iş adamlarına mane olsun" - Yeni icra başçısı

  08 Noyabr 2019    Oxunub : 997
 "Yol vermərəm ki, kimsə iş adamlarına mane olsun" - Yeni icra başçısı
"Prezident İlham Əliyev məni təyin edərkən qarşıma vacib tapşırıqlar qoyub. Bu tapşırıqları həll etmək üçün ağsaqqal sözünə ehtiyacım vardır. Harda ağsaqqal var, orada xeyir bərəkət var. Cənab Prezident çıxışında özü də qeyd etdi ki, idarəetmədə kadr islahatları gedir, kadrlar gəncləşir, amma bu o demək deyildir ki, orta və yaxud yaşlı nəsil yaddan çıxsın".
Azvision.az xəbər verir ki, bunu Yevlax Şəhər İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev rayon ağsaqqalları ilə görüşündə deyib.

İcra başçısı bildirib ki, daim nəsillər arasında sintez olmalıdır: "Mən də Prezidentimizin tapşırığına uyğun olaraq qərara gəldim ki, ilk öncə ağsaqqallarnan görüşüm. Sizlərə də təşəkkür edirəm ki, gəlmisiniz. Mən sizin təcrübənizdən yararlanmaq istəyirəm. İstəyirəm ki, mənə xeyir-dua verəsiniz. Baxmayaraq ki, cəmi 5 gündür işə başlamışam, vaxtın necə keçdiyini bilmirəm, çünki, Yevlaxda özümü xoşbəxt hiss edirəm. Sizlərin köməyilə Yevlaxın inkişafı üçün daha da əzmlə çalışacam. Mənim məqsədim hər bir vətəndaşımızın qeydinə qalmaq, vətəndaşın yanında olmaqdır. Qapım daim hər bir Yevlax sakininin üzünə açıqdır, eləcə də ağsaqqalların. Xahiş edirəm, rayonda olan çatışmazlıqlardan məni məlumatlandırın, hansı işlərin görülməsini istəyirsiniz deyin, mən də çalışacam ki, sizlərin arzu və istəklərinizi gücüm daxilində yerinə yetirim. Həm də onu istəyirəm ki, yevlaxlı biznesmenlər, iş adamları rayonun inkişafı üçün işlər görsünlər. Mən bir daha buradan sizlərin vasitənizlə çatdırmaq istəyirəm ki, məqsədli şəkildə biznesmenə, iş adamına mane olmaq mənə görə cinayətdir. Mənim belə hallara qarşı mövqeyim qətidir, yol vermərəm ki, iş adamlarına kimlərsə maneələr törətsin".



A.Tağıyev ağsaqqallara deyib ki, dövlət başçısının göstərişi ilə hər bir rayon üçün sosial işlərdə çalışmaq üçün işçi kvotası ayrılıb: "İstəyirəm ki, yevlaxlılar Məşğulluq Mərkəzinə müraciət etsinlər, işlərlə tanış olsunlar, işləsinlər, çünki həmin işlər əhalinin məşğulluq səviyyəsinin yaxşılaşdırılması üçün yaradılıb. İşlədiyim dövrdə rayon camaatının köməyilə çalışacam ki, cənab Prezidentin etimadını doğruldum".

Azvision.az

Teqlər: Yevlax   İcra   Başçı