Naxçıvan regionların Bakıdan asılılıqdan qurtulması yolunda nümunə ola bilər - TƏHLİL

  Naxçıvan regionların Bakıdan asılılıqdan qurtulması yolunda nümunə ola bilər -    TƏHLİL
  25 Noyabr 2019    Oxunub:5126
Dövlət başçımız İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən, son illər ərzində adı çəkilən bölgəmizdə böyük dərəcədə inkişaf əldə olunduğu və istər sosial, istərsə də iqtisadi sahədə, xüsusən sənaye potensialının möhkəmlənməsi istiqamətində uğurlu addımlar atıldığını vurğulamaqla, diqqəti sadəcə olaraq bunun üzərində cəmləşdirmədi.
Cari ilin yanvar-sentyabr aylarında Muxtar Respublikada ÜDM istehsalı 2 milyard 61 milyon 771 min manata yaxın təşkil edib. Yəni, bir il əvvəlki göstəricidən 1,5 % çox.

Ümumiyyətlə, sözügedən bölgəmizdə hər bir nəfərə düşən ÜDM göstəricisi əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 % artaraq 4508 manatı keçib ki, bunun tərkibində birinci yeri 27,8 % payla sənaye tutmaqla, maddi istehsal 56,4 % təşkil edib.

2019-cu ilin yanvar-sentyabr aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu 1,3, əsas kapitala yönəldilən vəsaitlər 1,4, kənd təsərrüfatı məhsulu 4,1, nəqliyyat sektorunda yük daşınması 2,4, informasiya və rabitə xidmətləri isə 2,7 % artıb.

Dövlət başçısı ona görə vurğuladı ki, bu, çox sevindirici faktordur. "Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir", - deyə Prezident qeyd etdi.

Naxçıvanın bu cür inkişafında dövlətin və hökumətin ölkənin regionlarını durmadan inkişaf etdirmək, regionların sosial-iqtisadi inkişafı üçün ayrıca müvafiq proqram və layihələrin uğurla icra olunması, həmçinin mərkəzdən fasiləsiz olaraq həyata keçirilən maliyyə dəstəyinin rolu olub. Bütün bunlarla yanaşı olaraq, yerli rəhbərliyin də xidmətləri sözsüz ki, qeyd edilməlidir.

Sözüm bunda deyil.

Lakin, Naxçıvanın inkişafında son illər ərzində əldə olunan ən böyük uğur fikrimcə, xüsusən iki amildədir. Başlıcası odur ki, ölkəmizin bu bölgəsi əlverişsiz coğrafi vəziyyətdə və əsas ərazimizdən kənarda yerləşməsinə rəğmən, iki mühüm sahədə - elektrik enerjisi və ən mühüm qida məhsulu olan taxılçılıqda təhlükəsizliyi demək olar ki, tam təmin edib. Çünki sözügedən istiqamətlərdə çox böyük nəticələr əldə edilib. Hazırda Naxçıvanda generasiya gücü 220 meqavata yaxındır ki, bunun əksəriyyət hissəsini bərpaolunan enerji növləri təşkil edir. Su və Günəş elektrik stansiyalarının tikintisi geniş vüsət alıb.

Ümumiyyətlə, 2003-cü ildə Muxtar Respublikada cəmi 1 elektrik stansiyası var idisə, bu gün 9 elektrik stansiyası mövcuddur. Bunun da 6-sı bərpaolunan enerji sistemlərindən ibarətdir. Başqa sözlə desəm, 2003-cü ildə bu bölgənin işıqlandırılması üçün 1 milyard kilovatsaata yaxın enerji idxal edilirdisə, 2018-ci ildə 35 milyon kilovatsaata düşüb. Ordubad Su Elektrik Stansiyası istifadəyə verildikdən sonra isə Naxçıvan enerji təminatını 100 % bərpaolunan enerji hesabına ödəyəcək.

O cümlədən, Naxçıvan özünü taxılla tam təmin edir. Çünki 2003-cü ildə burada əkinə yararlı torpaq sahələri 39 min hektar təşkil edirdisə, yeraltı suvarma şəbəkələri qurulandan sonra bu gün 62 min hektar əkinəyararlı torpaqlardan istifadə olunur. Və Muxtar Respublika taxıldan başqa, özünü bir sıra ərzaqla da təmin edə bilir. Sözün qısası, ərzaq və enerji sahəsində təhlükəsizliyə nail olunub.

Amma...

Bütün bu qeyd olunanlar fonunda dövlət başçımız yazının əvvəlində qeyd etdiyim qəbulda bir cəhəti də vurğuladı ki, fikrimcə, buna toxunmamaq və hər şeyin bütün prizmalar baxımından olduqca qənaətbəxş olduğunu söyləmək də mümkün deyil. Belə ki, Prezident diqqəti həm də ona yönəltdi ki, Naxçıvanın büdcəsinin cəmi 22 %-i yerli gəlirlər hesabına formalaşır.

2018-ci ildə Naxçıvan büdcəsinin gəlirləri təqribən 383 milyon manat təşkil edirdi ki, bunun da cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşıb, qalan 300 milyonu Bakıdan dotasiya hesabına olaraq verilib. Odur ki, Prezident İlham Əliyev dedi ki, indi növbəti il üçün büdcə məsələləri müzakirə olunur ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. "Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin."- deyə, dövlət başçısı nəzərə çatdırdı.

Yeri gəlmişkən, gələn il, yəni 2020-ci il üçün icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 482,1 milyon manat proqnoz edilib. Bu da cari illə müqayisədə 98,4 milyon manat və ya 25,6 % çoxdur. Bunun 387,9 milyon manatı yenə ölkənin dövlət büdcəsindən dotasiya şəklində veriləcək.

Sözsüz ki, bu çox ciddi mənfi nüansdır. Və təkcə Naxçıvana aid məsələ deyildir. Düzdür, iqtisadiyyatda inkişafa nail olmaq, emal və istehsal müəssisələri yaratmaq üçün müvafiq infrastrukturun olması vacib şərtdir. Bu baxımdan, indiyədək ölkənin regionlarının qaz, elektrik enerjisi, avtomobil yolları və sair üzrə təminatı sahəsində böyük işlər görülüb və turizmin inkişafı üçün hər cür şərait yaradılıb.

Ancaq, son 15 ildə regionlara xərclənilən vəsaitlərin müqabilində heç də kifayət səviyyədə gəlirlilik əldə edilməyib ki, bölgələrin ümumi gəlirlərdə payı yenə az təşkil edir. Çünki, infrastruktur çox pul aparan və iqtisadiyyatın real sektoru kimi gəlir gətirən sahə deyil. Ona görə də, indi əsas diqqət regionlarda məhz emal və istehsal sahələrinin inkişaf etdirməyə yönəlib...

Və artıq, müəyyən nəticələr də var.

Belə ki, son 3 ilədək, yəni 2017-ci ilədək şəhər və rayonlarımızdan cəmi 6-sı xərclərini ödəyə bilirdi, digərləri isə dotasiya hesabına yaşayırdısa, 2017-ci ildən 33 rayon özünü yerli gəlirlə maliyyələşdirməyə keçdi. Yeri gəlmişkən, 2020-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirləri (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 797,6 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 58,8 milyon manat və ya 8,0 % çox deməkdir.

2020-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının - dotasiyanın yerli xərclərin tərkibində xüsusi çəkisi isə 6,2 % təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 6,1 %-bənd azdır.

Sözün qısası, növbəti ildə isə sayca 39 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcəklər. Odur ki, bu sahədə daha çox nəticəyə nail olmaq üçün tələb olunan şərt məhz aqrar sektorun inkişafının prioritet olması təşkil edir. Ölkədə əmək qabiliyyətli əhalinin 40%-ə yaxın hissəsi aqrar istehsalla birbaşa bağlı olan regionlarda yaşadığından, aqrar məhsulların istehsalı, emalı ilə bağlı elə işlək mexanizm yaradılmalı və mövcud olmalıdır ki, kooperativ təsərrüfat üsulları geniş tətbiq olunmaqla, müxtəlif çeşiddə istehlak məhsulları bol olsun. Konkret ixrac imkanları yaransın.

Yeri gəlmişkən, Naxçıvanda ixrac qagiliyyətli çoxlu çeşiddə istehlak məhsulları istehsal etmək mümkündür. Və istehsal da edilməkdədir. Bu, ölkənin ümumi ixrac imkanları üçün də böyük dəstək və vasitədir. Yerli istehsal ixrac imkanına malik olduqda isə büdcənin daha çox daxili mənbələr hesabına təmin etmək asan başa gəlir. axçıvanın timsalında buna böyük imkan vardır.

Ümumiyyətlə, Naxçıvanın Azərbaycanın region və bölgələrinin mərkəzdən asılılıqdan azalması və yaxud tam qurtulması yolunda bayraqdar rolunda çıxış edə bilmək imkanı var. Bu sahədə ən böyük imkana və şansa sahibdir. Naxçıvana sözügedən məsələdə alternativ yoxdur... Çünki Naxçıvanın çox böyük potensialı vardır.



Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Naxçıvan  





Xəbər lenti