Nəsiminin yubileyi Malayziyada qeyd edilib

  25 Noyabr 2019    Oxunub : 1041
Nəsiminin yubileyi Malayziyada qeyd edilib
Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Malayziyanın Selangor ştatının Petalinq Caya Şəhər Şurasının dəstəyi ilə Azərbaycanın dahi şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, “Tarix, ədəbiyyat və mədəniyyət” adlı tədbir Malayziyanın ən böyük kitab fonduna malik “Perpustakaan komuniti” adlı xalq kitabxanasında təşkil olunub. Tədbirdən əvvəl Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev Petalinq Caya Şəhər Şurasının sədri Dato Mohd Sayuthi Bin Bakar ilə şəhər bələdiyyəsinin binasında görüşüb. Qonaqpərvərliyə görə şəhər şurasının sədrinə təşəkkür edən Q.Allahverdiyev, dahi şair Nəsiminin Azərbaycan ədəbiyyatındakı tarixi yeri barədə danışıb, ölkəmizdə və xaricdə bu məqsədlə keçirilən yubiley tədbirlərindən bəhs edib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamına uyğun olaraq belə təbirlərdən birinin Malayziyada təşkilini Azərbaycan və Malayziya xalqları arasında qarşılıqlı etimada və hörmətə əsaslanan münasibətlərindən irəli gəldiyini vurğulayıb.



Şura sədri Dato Mohd Sayuthi Bin Bakar belə nəcib təşəbbüsə ev sahibliyi etməkdən qürur duyduğunu, tədbirin malayziyalı ədəbiyyatsevərlər üçün yaddaqalan hadisə olacağını bildirib. Görüş zamanı həmçinin Petalinq-Caya və Azərbaycan şəhərləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Sonra “Perpustakaan komuniti” kitabxanasında yubiley tədbiri keçirilib. Açılış nitqi ilə tədbir iştirakçılarını salamlayan səfir Q.Allahverdiyev əvvəlcə ölkəmizin tarixi-mədəni irsi barədə məlumat verib. Azərbaycanın klassik poeziyasında ölməz şair Nəsiminin formalaşdırdığı ədəbi məktəbin əsas xüsusiyyətlərindən bəhs edib. Azərbaycanın malayziyalı dostlarından dilçilik üzrə tədqiqatçı xanım Masliza Ab Hadinin dahi şairdən ingilis dilində səsləndirdiyi və malay dilində izahını verdiyi qəzəllər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Çıxışlardan sonra Azərbaycan mədəniyyətinə dair videoçarxlar nümayiş etdirilib.



Kitabxananın direktoru xanım Ainul Farhiah Binti Abdul Vahaba və kitabxananın əməkdaşlarına təşəkkür edən səfir Q.Allahverdiyev kitabxanaya çoxsaylı ədəbiyyat, o cümlədən İmadəddin Nəsimi külliyyatından nüsxələr, ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçilik fəaliyyəti barədə səfirliyimiz tərəfindən dərc edilən kitablar, habelə ölkəmiz barədə ədəbi, mədəni və tarixi mövzulu nəşrlər, jurnal və digər çap məhsulları hədiyyə edib.

Azvision.az

Teqlər: Malaziya   Nəsimi