“Bu, inkişafın yeni hüdudlarıdır”

“Bu, inkişafın yeni hüdudlarıdır”
  08 Fevral 2013    Oxunub:1904
Azərbaycanın süni peykinin orbitə çıxarılması ictimaiyyət tərəfindən geniş müzakirə olunur.
YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov Azərbaycanın süni peykinin orbitə çıxarılmasını tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. O vurğulayıb ki, bununla ölkəmiz hərtərəfli inkişafının yeni hüdudlarını ortaya qoymuş oldu. O, bu əlamətdar hadisəni son illərdə Azərbaycanın hərtərəfli və sürətli inkişafının çox mühüm zəruri nəticəsi hesab edir. Şahidi olduğumuz iqtisadi dinamika, modernləşmə, yüksəliş meyllərinin nəticə etibarilə Azərbaycanın kosmik ölkələr sırasına qoşulmasına gətirib çıxarması tamamilə gözlənilən idi.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycanın müasir tarixi möhtəşəm layihələri ilə zənginliyi ilə seçilir: "Əsrin müqaviləsi, Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası, inanılmaz iqtisadi sıçrayış, qeyri-adi infrastruktur layihələri, Bakının ecazkar simasının yaradılması və sair əzəmətli inkişaf nümunələri bu sırada sadalanmağa layiqdir. Nəhayət, süni peykin orbitə çıxarılması. İnanıram ki, Azərbaycanın müasir, inkişaf etmiş, ən yeni və qabaqcıl texnologiyalara yiyələnən ölkə kimi imicinin daha da möhkəmlənməsində orbitə çıxarılan ilk Azərbaycan peyki müstəsna rol oynayacaq, ölkəmizin texnoloji inkişafına böyük təkan verəcək”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasına münasibət bildirib. O, bu hadisəni iqtisadi və siyasi əhəmiyyətii vurğulayıb. Onun sözlərinə görə, bu əlamətdar hadisənin siyasi cəhətdən əhəmiyyəti odur ki, yalnız iri dövlətlər böyük maliyyə vəsaiti xərcləyərək orbitə peyk buraxmağa qadir idi.
“Peykimizin orbitə buraxılması Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında, müəyyən informasiyaların əldə edilməsində mühüm rol oynayacaq. İqtisadi əhəmiyyəti odur ki, Azərbaycan daha çox məlumatlı ölkələrdən birinə çevriləcək və ölkəmizə iqtisadi divident gətirəcək”, - deyə komitə üzvü bildirib.


Teqlər:





Xəbər lenti