Qalib məktəblər mükafatlandırılıb

Qalib məktəblər mükafatlandırılıb
  04 Dekabr 2019    Oxunub:2778
Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təşkil edilmiş tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər.

Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2018-2019-cu tədris ilinin nəticələrinə görə, Binəqədi rayonu üzrə 102, Sabunçu rayonu üzrə 78, Xətai rayonu üzrə 257, Nərimanov rayonu üzrə 212, Pirallahı rayonu üzrə 186, Qaradağ rayonu üzrə 228, Suraxanı rayonu üzrə 76, Xəzər rayonu üzrə 206, Nəsimi rayonu üzrə 211, Nizami rayonu üzrə 12, Səbail rayonu üzrə 51, Yasamal rayonu üzrə 21 nömrəli tam orta məktəblər Münsiflər heyəti tərəfindən qalib seçiliblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev müsabiqə qaliblərini təbrik edib və müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçirilir.

R.Tağıyev ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yenilənməsi, xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu vurğulayıb.

İdarə müdiri bütün məktəb saytları üzrə müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsinin, məktəb haqqında göstəricilərin hazırki vəziyyətə uyğunlaşdırılmasının zəruriliyini nəzərə çatdırıb. Məktəb saytlarında operativliyin artırılması və təhsilə dair maraqlı məqalələrin yerləşdirilməsini tövsiyə edib. Qalib məktəb direktorları məktəb saytlarının müvafiq meyarlara uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən danışıb və müsabiqənin təşkilinə görə təşəkkürlərini bildiriblər.

Sonra müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsinə 2017-2018-ci tədris ilindən başlanılıb. Müsabiqə çərçivəsində hər tədris ili üzrə qaliblər bir dəfə seçilir.

Azvision.az



Teqlər: BŞTİ  





Xəbər lenti