Məmmədyarov erməni nazirlə görüşündən danışdı: “Kifayət qədər çətin oldu”

Məmmədyarov erməni nazirlə görüşündən danışdı:  “Kifayət qədər çətin oldu”
  05 Dekabr 2019    Oxunub:3497
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməlidir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

XİN rəhbər xatırladıb ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də öz əksini tapıb. Yalnız bundan sonra münaqişənin nizamlanmasında digər məsələlər nəzərdən keçirilə bilər.

Nazir daha sonra bildirib ki, dünən Bratislavada erməni həmkarı Zöhrab Mnatsakanyanla ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutmuş görüş üç saat yarım davam edib:

“Kifayət qədər çətin danışıqlar oldu. Təəssüf ki, qarşımızda hələ də həll olunmamış problemlər qalır. ATƏT-in Minsk qrupu ilə müzakirə etdiyimiz məsələ münaqişənin nizamlanmasına mərhələli yanaşmadır. Əlbəttə ki, birinci addım münaqişənin başlıca fəsadlarının aradan qaldırılması, yəni BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində vurğulandığı kimi, erməni silahlı bölmələrinin Qarabağ regionundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılması olmalıdır”.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Məmmədyarov   XİN  





Xəbər lenti