Yol polisi “Instagram”a qoşuldu

  06 Dekabr 2019    Oxunub : 1213
Yol polisi “Instagram”a qoşuldu
Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə gündən-günə artmaqdadır.
Baş Dövlət Yol Polisi İdarəsindən Azvision.az - verilən məlumata görə, dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən Daxili İşlər Nazirliyində (DİN) də bu tendensiya nəzərdən qaçmayıb və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.

Daim ölkə ictimaiyyətinin diqqət mərkəzində olan və fəaliyyəti sosial şəbəkələr üzərindən daha çox izlənilən DYP xidməti haqqında informasiyanın əhali tərəfindən daha əlçatan olması üçün DİN rəhbərliyi bu dəfə “dyp.polisazerbaycan” adlı “Instagram” səhifəsinin yaradılmasına göstəriş verib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsinə verilən “dyp.polisazerbaycan” “Instagram” səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb: “Hörmətli sosial şəbəkə istifadəçiləri. Böyük məmnunluq hissi ilə sizləri ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək “dyp.polisazerbaycan” “Instagram” səhifəsini izləməyə və fəal iştirakçılığa dəvət edirik”.



Azvision.az

Teqlər: DİN   İnstagram