“Normand formatı”: Ukrayna ilə Rusiya nədə anlaşa bilmirlər? – TƏHLİL

      “Normand formatı”:    Ukrayna ilə Rusiya nədə anlaşa bilmirlər? –    TƏHLİL
  13 Dekabr 2019    Oxunub:5928
Son 3 ildə nəhayət ki, Ukraynadakı münaqişənin tənzimlənməsi üzrə “Normand Formatı”nda danışıqlar Parisdə baş tutdu. Vladimir Zelenski Ukrayna prezidenti seçildikdən sonra ilk dəfədir ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdü, tərəflər arasında Almaniya və Fransa liderlərinin vasitəçiliyilə danışıqlar keçirildi. İki saat yarım davam edən danışıqlardan sonra mətbuata açıqlama verən dörd ölkə liderinin hər biri ümumilikdə nəticələrdən razı qaldıqlarını bildirsələr də, Rusiya ilə Ukrayna arasında münaqişənin tənzmləmə mexanizmələri ilə bağlı bir sıra məqamlarda ciddi fikir ayrılıqlarının mövcudluğu da gözdən yayınmadı.
Qeyd edək ki, 2014-cü ildə Ukraynanın şərqində başlanmış münaqişə nəticəsində ölənlərin sayı artıq 13 min nəfərə çatıb. Bölgədə sülhün bərqərar olunması məqsədi daşıyan “Normand Formatı”nda danışıqların bərpası əslində keçmiş prezident Pyotr Poroşenkonun dövründən başlanmış sülh prosesinin davamıdır. Ukraynanın prezidenti postunda Poroşenkonu əvəzləyən Zelenskinin məsələyə yanaşması əvvəlki prezidentdən fərqli deyil. Kiyev əvvəlki kimi Moskvanı Ukraynanın şərqində öz müstəqilliyini elan etmiş Donetsk və Luqask qondarma respublikalarına dəstək göstərməkdə ittiham edir. Ukrayna hakimiyyəti ölkənin şərqində Rusiyanın hərbi qüvvələrinin yerləşdirildiyini bəyan etsə də, Rusiya bunu inkar edir. Bununla belə, Kreml Rusiya vətəndaşlarının könüllü olaraq Uraynanın şərqindəki hərbi əməliyyatlarda iştirak etməsini mümkün sayır.

2015-ci ildə münaqişənin həllinə dair Minsk razılaşmaları imzalansa da, həyata keçirilməsi hər dəfə müəyyən səbəblərdən mümkün olmayıb. Razılaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, Donetsk və Luqansk əyalətlərinə xüsusi status verilsin, sonra orada seçkilər keçirilsin və yalnız bundan sonra xarici hərbi qüvvələr ölkədən çıxarılaraq, Rusiya-Ukrayna sərhədinə nəzarət Kiyevə qaytarılsın. Minsk razılaşmasının icra mexanizmini özündə ehtiva edən “Ştaynmayer planı”na Ukrayna prezidenti Vladimir Zelenski razılıq versə də, sonradan ölkədəxaili etirazlar səbəbilə bu addımından çəkilməli olub. Bununla belə, liderlərin ilkin açıqlamalarından belə qənaətə gəlmək olar ki, tərəflər məhz bu plana riayət edərək, münaqişənin həllinə nail olmaq istəyirlər.

Paris görüşündə Putin və Zelenskinin iki əsas məqamda razılaşdıqlarını əminliklə söyləmək olar. Birincisi, bu ilin sonuna kimi atəşkəsin təmin olunması, ikinci isə “hamının hamıya” prinsipinə əsasən əsirlərin dəyişdirilməsidir. Minsk razılaşmasında ilkin mərhələdə də bu addımların atılması nəzərdə tutulub.

Prezidentlərin razılaşmadıqları əsas prinsipial məqam isə Donetsk və Luqansk əyalətlərinə xüsusi statusun verilməsi və bununla bağlı Ukrayna konstitusiyasında müvafiq dəyişiiklərin edilməsidir. Vladimir Putin bildirir ki, regionda sülhün əldə olunması üçün Ukrayna konstitusiyasında dəyişikliklər həyata keçirilməli, ölkə federativ olmalı və Donetsk ilə Luqansk əyalətlərinə xüsusi status verildikdən sonra burada seçkilər keçirilməlidir. Zalenski isə bəyan etdi ki, Ukraynanın ərazi quruluşu dəyişdirilməyəcək və ölkə unitar qalacaq.

Ola bilər ki, Zelenskinin bəyanatı Paris görüşü ərəfəsində Kiyev Maydanında keçirilən mitinqləri sakitləşdirmək məqsədi daşıyıt. Çünki etirazçılar Ukraynanın bu şərti qəbul etməsini məğlubiyyət kimi qiymətləndirirlər. Kiyevin ehtiyat etməsinin əsas səbəbi isə həmin əyalətlərə xüsusi statusun verilməsinin gələcəkdə onların referendum yolu ilə müstəqilliklərini elan etmələri üçün hüquqi pəncərənin açılmasıdır. Kremlin belə olan halda böyük həvəslə Luqansk və Donetsk əyalətlərini dəstəkləyəcəyini gözləmək olar.

Zelenski ilə Putinin razılaşmadıqları digər məqam isə Rusiya-Ukrayna sərhəd zonasının Kiyevin nəzarətinə verilməsi mexanizmilə bağlıdır. Rusiya əyalətlərə xüsusi staus verildikdən və seçkilər keçirildikdən sonra sərhəd nəzarətinin Ukraynaya keçməsini, rəsmi Kiyev isə bunun seçkidən əvvəl olmasını istəyir. Bu prinsipial məqamda tərəflərin razılığa gəlməməsinin səbəbi əslində aydındır: Moskva Ukraynanın sərhədi bağlayaraq, ölkə daxilindəki separatçıları məhv etməsini istəmir, Ukrayna isə, Rusiyanın separatçılara dəsyinin qarşısını almağa çalışır.

Bu fikir ayrılıqlarına baxmayaraq, tərəflər “Normand Formatı”nda danışıqların davam etdirilməsini məqbul saydılar və növbəti görüşün dörda ay sonra Berlində keçirilməsini qərara aldılar.

Qeyd edək ki, Paris görüşündə Krımın ilhaqı və Rusiya qazının Ukraynadan nəqli məsələləri müzakirə olunmadı. Halbuki, Moskvayla Kiyev arasında qazın nəqli və idxalına dair 2009-cu ildə imzalanmış müqavilənin müddəti bu ilin sonunda başa çatır. Putinin mətbuat konfransında qazın qiymətində Ukraynaya 25 faiz güzəştə getməyə hazır olduğunu bildirməsinə baxmayaraq, Zelenski bu məsələyə ümumiyyətlə, toxunmayıb. Görünür, Ukrayna prezidenti Maydanda qaldırılan “Moskvadan uzaq dur”, “Rusiya qazı bizim boynumuzda bir yükdür” şüarlarından təsirlənib.

Tofiq Vahid
Azvision.az



Teqlər: Normand-formatı   Rusiya   Ukrayna  





Xəbər lenti