“Soyqırım” qətnaməsi: Yəhudi lobbisi niyə Türkiyəyə qarşı çıxdı? – TƏHLİL

  16 Dekabr 2019    Oxunub : 3620
 “Soyqırım” qətnaməsi: Yəhudi lobbisi niyə Türkiyəyə qarşı çıxdı? – TƏHLİL
Ötən həftə ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyasında “ermənilərin soyqırımı”nın tanınmasını əks etdirən 150 saylı qətnaməni qəbul etdi. Qətnaməyə əsasən, “1915-ci ildə 1.5 milyon erməninin məhvilə nəticələnən kütləvi qətllər soyqırım kimi tanınıb”. Türkiyə Xarici İşlər Nazirliyi qətnamənin qəbulunu pisləyərək, Amerika Senatının bu addımını “tarixin siyasiləşdirilməsinin utancverici nümunəsi” adlandırıb. Ankara sənədin heç bir tarixi və hüquqi əsasının olmadığını bir daha vurğulayıb.
Bundan əvvəl noyabr ayında Ağ Evin tələbilə respublikaçı senatorlar Lindsi Qrem və David Perdyu tərəfindən adıçəkilən qətnamənin səsverməyə çıxarılmasının qarşısı alınmışdı. ABŞ qanunvericiliyinə əsasən, istənilən senator qətnamə təşəbbüsü ilə çıxış etmək, eyni zamanda, qətnamənin qəbulunun qarşısını almaq hüququna malikdir. Uzun illər Amerikada erməni lobbisinin təsirilə qondarma “soyqırım”ın qəbulu ilə bağlı ABŞ konqresində təşəbbüslər irəli sürülsə də, Vaşinqtonla Ankara arasında olan strateji tərəfdaşlığa zərər vurulmaması üçün Ağ Evin tələbilə bu tip təşəbbüslərin qarşısı alınırdı. Lakin görünən odur ki, Tramp administrasiyası artıq Türkiyə ilə bağlı Konqressə təsir göstərməkdən imtina edib və bunun bir sıra səbəbləri var.

Xatırladaq ki, bu ilin noyabr ayında ABŞ konqresinin Nümayəndələr palatasında da qondarma erməni “soyqırımı”nın qəbul edilməsilə bağlı qətnamə layihəsi müzakirə edilərək, səs çoxluğu ilə qəbul olunub. Qondarma “soyqırımı”nın tanınmasının ABŞ dövlətinin rəsmi mövqeyi hesab olunması üçün Konqressin hər iki palatasında qəbul edildikdən sonra, prezident tərəfindən imzalanması tələb olunur. Beləliklə, Konqres ABŞ prezidentinin Türkiyə dövlətinə təzyiqi üçün yeni bir “dəyənək” hazırlayaraq, Trampın istifadəsinə verdi. Trampın öz iradəsini yeritmək üçün Ankaranı “soyqırım”ın təsdiqilə hədələyəcəyini indidən əminliklə vurğulamaq olar.

Konqresin ermənilərin lehinə fəallaşmasının ilkin səbəbini Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton bu yolla Türkiyədən Suriyaya hərbi müdaxilə etməsinə görə qisas alır. Həqiqətən də, Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasından sonra ABŞ Konqresində Ankaraya qarşı daha sərt tədbirlərin görülməsi barədə təkliflərin səslənməsi intensivləşdi. Bunun əsas səbəbi Amerika qoşunlarının Suriya ərazisindən çıxmasından sonra bu əraziyə daxil olan Türkiyənin İŞID terrorçuları ilə yanaşı, kürd terroçularına qarşı da mübarizəyə başlamasıdır. Halbuki, kürdlər bundan əvvəl Amerika ilə birgə İŞID-ə qarşı hərbi əməliyyatlarda iştirak edirdilər. Vaşinqton əslində qondarma “soyqırım” qətnaməsilə bir tərəfdən də Suriyada onları dəstəkləmiş kürdlərə təskinlik verməyə çalışır.

Ankaranın ABŞ Konqresinin qəzəbinə tuş gəlməsinin digər səbəi isə Türkiyənin Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərini alması oldu. Vaşinqton dəfələrlə bildirmişdi ki, “S-400”ün istifadəsi Amerika istehsalı olan “F-35” qırıcılarının uçuşlarını təhlükə altında qoyur. Hətta bu səbəblə, ABŞ Türkiyəyə “F-35” qırıcılarını satmaqdan imtina etmişdi. Prezident Tramp türkiyəli həmkarı Ərdoğanla görüşündə də, “S-400”dən imtina etməsi müqabilində Amerika ilə 500 milyardlıq ticari müqavilə təklif etmiş, lakin Ərdoğan mövqeyni dəyişməmişdi.

Noyabr ayında müzakirəyə çıxarılmış qondarma “soyqırım” qətnaməsinin qəbulunun Ağ ev tərəfindən qarşısının alınmasının əsas səbəbi də Vaşinqtonun Londonda keçirilən NATO sammitində prezident Ərdoğanla nəhayət ki, razılığın əldə olunacağına ümid etməsi ilə bağlı idi. Ancaq prosesin gedişindən görünür ki, Türkiyə Amerikanın diktəsi ilə siyasi xəttini dəyişmək niyyətində deyil.

Məsələdə diqqət çəkən məqamlardan biri də, qondarma “soyqırım” layihəsinin təşəbbüskarı kimi Amerikadaki erməniləri təmsil edən ANCA təşkilatı (Amerikanın erməni Assambleyası) ilə yanaşı, Amerika yəhudi komitəsi və Antidiffamasiya Liqası kimi yəhudi təşkilatlarının çıxış etməsidir. Yəhudi lobbi təşkilatları uzun illərdir eməni lobbisilə eyni mövqedən çıxış etmirdi; hətta, ermənilərin uğursuzluğunun əsas səbəbi kimi yəhudilərin dəstəyindən məhrum olmaları göstərilirdi.

Yəhudi lobbisinin Türkiyəyə qarşı fəallaşması Aralıq dənizində Türkiyə ilə Liviya arasında sərhədlərin müəyyən edilməsinə dair müqavilənin imzalanması ilə bağlı ola bilər. Qeyd edək ki, İsraillə Yunan Kipri arasında Aralıq Dənizindən birgə istifadə haqqında razılıq əldə olunub və tərəflər Kipr adasının cənubundakı qaz yataqlarında mavi yanacağın hasil edilməsini birgə həyata keçirirlər. ABŞ-ın dəstəyilə imzalanmış müqaviləyə əsasən isə Aralıq Dənizindən Yunanıstana çəkiləcək “MedEast” kəməri vasitəsilə hasil olunacaq qazın Avropaya ixracı nəzərdə tutulurdu. Türkiyənin ərazini özününküləşdirməsi 7 milyardlıq “MedEast” layihəsini sual altına qoyur.

Tofiq Vahid
Azvision.az

Teqlər: Türkiyə   ABŞ   Erməni-soyqırımı