Bakıda 18 məktəbin direktoru işdən çıxarılıb

   Bakıda 18 məktəbin direktoru işdən çıxarılıb
  16 Dekabr 2019    Oxunub:4010
2019-cu ildə təşkil edilən müsabiqələr vasitəsilə Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev təqvim ilinin yekunları ilə bağlı çıxışında deyib. Onun sözlərinə görə, 13 direktorun iş yeri dəyişdirilib.

“111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 27 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 23 nəfər psixoloq vəzifəsinə, 24 nəfər kitabxanaçı vəzifəsinə, 9 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 18 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 152 nəfər laborant vəzifəsinə işə qəbul olunub. Ümumilikdə, 282 nəfərin işə qəbulu həyata keçirilib”.

R.Tağıyev qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub: "Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqə və müsahibələr nəticəsində 943 nəfər daimi əsaslarla işə qəbul olunub. Bunlardan 414 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində, 274 nəfər vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 255 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində, 1099 nəfər müddətli müqavilə ilə işə qəbul üçün göndərilib.

2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1099 nəfər namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib. 563 müəllimlə müddətli müqavilə bağlanıb. İdarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1245 işçidən 563 nəfəri ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: BŞTİ  





Xəbər lenti